Mitinq oktyarın 27-ə təyin olundu

mitinq-oktyarin-27-e-teyin-olundu
Oxunma sayı: 646

Növbəti mitinq oktyabrın 27-nə təyin olunub. Liviya diktatoru Qəzzafinin qətlindən sonra Güney Azərbaycanda fəallıq daha da artıb və soydaşlarımız milli haqları uğrunda ölüm-qalım savaşına qərar verməkdədir.

Artıq aksiyalara çox ciddi hazırlığın getdiyi bu dönəmdə İranın Silahlı Qüvvələrində xidmət edən azərbaycanlı əsgərlərə müraciət qəbul olunub. Güneydə xeyli nüfuza malik olan Azərbaycan Sosial Demokrat Partiyası müraciətdə hərbçi azərbaycanlıları aksiyalara müdaxilə etməməyə, fars komandirlərin qanunsuz əmrindən imtina edib xalqın tərəfinə keçməyə çağırıb.

Müraciətdə deyilir:
“Ey İran adlanan dövlətin hərbi qüvvələrində xidmət göstərən Azərbaycanlı türk əsgəri, səninləyəm!
Dünyanın hər yerində, hər ölkəsində olursa-olsun, əsgər dedikdə onun birinci və ən başlıca vəzifəsi həm də müqəddəs borcu, öz doğma vətəni və mənsub olduğu millətinin şərəf, namus və heysiyyətini yağı düşmənlərdən, onların bütün basqı və hücumlarından qoruyub, hər nəyin bahasına və nə şərtlər altında olsa belə, onu müdafiə etməsidir. Vətən yalnız torpaqdan ibarət deyildir, vətən qanla yoğurulmuş torpaq deməkdir. Vətən ana kimi qutsal olduğu üçün, ana vətən şəklində ifadə olunur və bu nədənlə də onu düşmənlərdən qorumaq, ana şərəfi və namusunu qorumaq deməkdir. Vətən, yurd hər bir insanın, daha doğrusu hər bir xalqın, millətin həyatında, dünyanın heç bir nemət, mal və sərvətilə müqayisə edilə bilməz və başqa heç bir nə ilə dəyişilə bilməz bir qutsal coğrafi məkandır. Onun uğrunda yüz minlər və milyonlarla vətən övladı min illər boyunca zaman- zaman öz canını fəda edərək, onu bizə əmanət etmişlər”.

Müraciətdə daha sonra bildirilir:
“Ey ürəyi Azərbaycanla döyünən şərəfli Azərbaycan əsgəri!
Bu gün vətənimiz Azərbaycan fars faşizminin təmsilçisi və cəllad pəhləvi rejiminin xələf canişini olan, cinayətkar İran İslam hakimiyyətinin qanlı çəkmələrinin işğalı altında, müstəmləkə həyatı sürərək, olduqca ağır və dəhşətli zülm və cinayətlərə məruz qalmışdır. İslam və din adı altında öz iyrənc və şeytani üzünü gizlədən islam hakimiyyəti, türk millətimizin dini inanc və saf, təmiz duyğularını kullanaraq, tarixin heç bir dövründə və dünyanın heç bir yerində tayı və misli görünməmiş qəddarlıqla, 33 ildir ki, ancaq özünə xas olan qəddarlıq və vəhşiliklə, Azərbaycanda kimsənin belə ağlına gəlməyən cinayətlərlə yanaşı, təkcə fitnə-fəsad, fəhşi və bütün ictimai fəsadları törədib, onları millətimizin içində özəlliklə də gənclərimizin arasında yaymaqla məşğuldur. İran İslam dövləti bu cinayətlərlə yanaşı, Urmu gölünü məqsədli və planlı şəkildə qurutmaqla, Azərbaycanın həyatına bir dəfəlik son qoymaq istəyir. Bu nədənlə də vətənimiz Azərbaycan, ciddi şəkildə məhv olmaq təhlükəsilə qarşı qarşıya gəlmişdir.
Ey böyük bir millətin qeyrətli əsgər oğulları!
Canımız, qanımız, göz bəbəyimiz olan ana vətənimiz Azərbaycan, hazırda olduqca bu ağır, dözülməz və çətin günlərdə səni, məni yəni bütün qeyrətli, şərəfli və vicdanlı övladlarını öz harayına çağırır. Bizim şərəf borcumuz onun harayına səs verib, bütün varlığımızla onu müdafiə etməkdir.
Azərbaycan öz neçə min illik şanlı və şərəfli tarixinin heç bir dövründə bu qədər təhqir, zülm və cinayətlərə məruz qalmamışdır. Artıq sınaq günü gəlib çatmışdır. Hər dinə, məzhəbə, məsləkə inanırsız inanın, birinci insan və insanlıq
naninə, vətən naminə onun bu haray və çağırışına ləbbeyk deyib, vətəninə, millətinə olan öz müqəddəs borcunuzu yerinə yetirib, onun yanında və arxasında olmalısınız, düşmənlərimizin yox.
Bu gün ulu babalarımızın uca ruhu məzarlarından baş qaldıraraq, övladlarının, nəvə-nəticələrinin əməllərinə şahid həmdə seyrçi olub, bizə əmanət etdikləri vətəni belə yaman və acınacaqlı gündə gördükdə, yəqin ki, onların incə və həssas ruhları bu dözülməz durumdan inciyib, bunlara dözməyəcək. Onlar haqlı olaraq küskün və dərin üzüntü ilə bizə sorurlar, ey bizim xələf övladlarımız, vətəni sizə beləmi əmanət etdik, vətəni beləmi bərbad və acınacaqlı durumda saxlayarlar? Onlar bizə miras qoyub, əmanət etdikləri vətəni işğalda yox, azad və xoşbəxt olmasını istəyirlər. Bu səs və istək tarixin dərinliklərindən həmdə məzarlarında yatan ulu babalarımızın içindən gələn və ürəyindən qopan bir haraydı, müqəddəs və ülvi bir səs, ilahi bir çağırışdı. Duy bu səsi, dinlə bu çağırışı, özünə dön, öz türklüyünə dön, öz vətən və Türk millətimizin qulluğunda ol, düşmənlərimizin yox!

Xeyli emosional ruhda yazılmış müraciət aşağıdakı çağırışlarla davam edir:

“Ey Azərbaycanlı Türk əsgər oyan, oyan, oyan!
Sən bilməlisən ki, ürəkdən inanıb, ona qulluq etdiyin cinayətkar İran rejimi, fars faşizminin həqiqi təmsilçisi olaraq, bizi ikinci, üçüncü dərəcəli insan kimi görür. Gərçək budur ki, onların irqçi və şovinist düşüncələrində biz elə 2006-cı ildə İran dövlətinin rəsmi orqanı olan “İran” qəzetinin karikaturalarında çəkilib, göstərilən böcəklərik. Onların bu iyrənc və özlərinə layiq olan karikaturlarında bizi böcək göstərmələri, heç də təsadüfi deyildi.
Onlar beləliklə də bizim haqımızda necə düşündüklərini və bizi nə sandıqlarını açıq və aydıncasına ortaya qoymuşlar. Biz onlar üçün ancaq və ancaq onların dar və təhlükəli günlərində həmdə ehtiyacları olan zaman lazım gəlib, o zaman sadəcə qəhrəman azərbaycanlılar olaraq, İranın başı olub, xoş günlərində və təhlükə keçdiyi zaman, biz yenə də böcək və eşşək....oluruq. Artıq oyanmaq zamanı çoxdandır ki, gəlib çatmışdır. Bu qədər qəflət yetər!
Bu gün sənin, sənin ata ananın həm də öz övladlarının varis olduğu bu vətən, İran adlanan dövlətin sui-qəsdinə məruz qalaraq, sadəcə ayaq üstə qalmaq, yəni ölüm-qalım mücadiləsi verməkdədir. Bu, o deməkdir ki, qatı Türk düşməni olan fars faşizmi, bizə belə nəfəs çəkməyi də çox görməkdədir.
İran fars dövləti, Azərbaycanda apardığı bu ziddi bəşəri siyasətə etiraz edənlərə qarşı, Təbriz, Urmu, Ərdəbil, Xoy, Zəncan və başqa şəhərlərdə güc tətbiq edərək, güllə, zindan və dəhşətli işgəncələrlə cavab vermişdir. Bizim sadəcə yaşamaq və həyatda qalmağımıza belə vəhşicəsinə cavab verən bu rejim, sabah başqa haqlarımızı istədikdə, onun bizimlə necə davranması indidən tamamilə bəllidir. Çünki, biz hələ vətənimiz Azərbaycanın, cinayətkar İran İslam rejimi tərəfindən yer altı-yer üstü sərvətlərinin talanıb, qarət edilməsindən, ana dilimizə qadağa qoyulub, onun məhvinə ciddiyyətlə səy göstərilməsindən, mədəniyyətimizin tamamilə tapdanmasından, tariximizin saxtalaşdırılmasından və ümumiyyətlə, milli və doğal haqlarımızın kobudcasına çeynənib, ayaq altına atılmasından, Azərbaycanımızın parçalanıb, 11-12 əyalət və vilayət arasında bölünməsindən, bilərəkdən məkrli siyasətlə onun Qərbinin kürdləşdirilməsindən, gecə-gündüz radio-televiziya və qəzetlərdə təhqirə məruz qalmasından, bir sözlə, vəhşicəsinə müstəmləkəçiliyə məruz qalmasından söz etmirik.
Bu gün məsələ ancaq bizim bütün insanlar, bütün millətlər kimi və hətta bütün canlılar kimi sadəcə yaşamaq haqqımızdan gedir. Bu, sənin, sənin övladlarının və sabah nəvə-nəticələrinin də doğal haqqı olduğu kimi, bütün millətimizin də yaşamaq haqqı deməkdir. Hazırda İran fars dövləti Urmu gölünü bilərəkdən qurutmaqla bu, ilkin və ulu Tanrının, yaxud təbiətin bizə bəxş etdiyi həyat haqqını bizdən almaq istəyir”.

Sənədin sonunda bu fikirlər əksini tapıb: “
“Ey Azərbaycanın qeyrətli əsgəri səninləyəm! Ayağa dur! Üsyan elə!
Ey bu torpağın, bu vətənin halal çörəyini yeyib, şərbət kimi suyunu içib, təmiz havasını udub və bu gözəl vətənin bütün nemətlərindən bəhrələnib, bu torpaqda böyüyüb yaşa dolan şərəfli Azərbaycan Türk əsgəri, səninləyəm!
Bu torpağın çörəyi, suyu, havası və bütün nemətləri, hətta əmdiyin ana südü belə sənə haram olsun, bu ana vətənin bütün nemətləri sənə qənim olsun, əgər sən vətənə xəyanət edib, vətən övladlarına qarşı çıxıb, onların qanlarını müqəddəs vətən torpaqlarına axıdasan. Bu qədər cinayət və haqsızlıqlara səssiz qalıb, ona göz yumub, qeyd qalmaq olmaz. Əgər bunları göz ardı edib, ona laqeyd oluruqsa, ona vicdansızlıq, qeyrətsizlik, namussuzluq və əxlaqsızlıqdan başqa ad vermək olmaz. Vətənini, millətini satmaq, hər nədən öncə öz insanlıq, şərəf, namus və vicdanını satmaq deməkdir. Bunun da bədəli hər kəsə olduqca ağır olur.
Öz şərəf və namusunu pula, sərvətə, məqama ucuz satıb, millətinin şərəfli, qeyrətli qız və oğullarına qarşı çıxıb, onların üzərinə atəş açıb, sənin və sənin övladlarının da vətəni olan Azərbaycanımızı və onun bütün haqlarını müdafiə edən bu qəhrəman həm də günahsız insanları yaralayıb, xəsarət yetirib yaxud onları öldürüb və əllərini bu vətən övladlarının qanına bulayanlar sabah millətimizin qəzəbilə qarşılaşacaq. Əgər sağ qalarlarsa, o zaman məhkəmələr qarşısında etdiyi cinayətlərdən dolayı cavab verməlidirlər. Siz əgər gərçəkdən islam dini və onun təlimlərinə inanırsızsa, o zaman zalımın yanında yox, məzlumun yanında durmalı, həm də ilk öz vətəniniz olan Azərbaycanı sevib qorumalısınız, başqa millətin vətəni olan İranı yox. Çünki yenə İslam dini təlimi əsasında, ən azından sizin də ona inandığınız üçün, hər müsəlman zülmə qarşı çıxıb,
zülmə baş əyməməlidir. Sizin bir çoxunuz cəllad şah rejiminə qarşı mübarizədə, bəlkə yaxından iştirak edib, nümayiş və yürüşlərin çox səhnələri yəqin ki, hafizələrinizdə qalaraq, xatirələrinizdən silinməmişdir. Günahsız nümayişçilərin haqlı istəkləri qarşısında, onların üzərinə atəş açıb, onları yaralayıb və öldürən polis ,əsgər, zabitlərə qarşı millətimizin
qəzəb, kin və nifrətini də görüb, onlarla necə davrandıqlarının şahidi olmusuz. Onları görməyənlərə yaxud ən azından o ibrət götürməli səhnələri unudanlara, Təbriz küçə və xiyabanlarında savakıların şaqqalanıb, ağaclardan asılmalarını, Tufarqanda 32 polisin millətin üzərinə atəş açdıqları üçün, yan-yana qoyun kimi başlarının kəsildiyini yadlarına salırıq. Həmçinin Urmu şəhərinin bazar ağzındaki Bazarbaş, ya indiki Əəzəm məscidi qabağında, tanınmasın deyə, cındır paltarda olan bir savakının millətin qəzəbinə tuş gələrək, öldürülməsini, cəsədinin sürütlənərək sonra əl arabasına qoyularaq, ətraf küçələrdə gəzdirildiyini bir daha vurğulayıb hər kəsə xatırladırıq.
Bu gün bölgəmizdə yəni Ortadoğuda gedən böyük siyasi, tarixi olay və proseslər, yəni totalitar, diktator və faşist rejimlərə qarşı ərəb millətlərinin Tunis, Misir, Yəmən, Bəhreyn, Liviya, Suriya və başqa ərəb ölkələrində əzilmiş və zülm, cinayətlərdən cana gəlmiş kütlələlərin ayaqlanıb, üsyan etməsi hər kəsə, özəlliklə də İran adlanan dövlətin hərbi quvvələrində xidmət göstərən azərbaycanlı Türk əsgərlərinə böyük ibrət dərsi olmalıdır.
Gec olmadan özünüzə, öz millətinizə yəni öz Türklüyünüzə dönün! Öz millətimizin qucağına gəlin və fars faşizmi və onun işğalçılıq siyasətinə qarşı öz millətimizi müdafiə edin. Öz millətimizin yanında olmasanız da, onu müdafiə etməsəniz də, ən azından tariximizin ən təhlükəli, həssas və gərgin dönəmində,
onun düşmənlə bu ölüm-qalım mücadiləsində tərəfsiz qalıb, əlinizi millətimizin şərəfli, qeyrətli qız və oğullarının qanına bulamayın. Əgər bularsınızsa, o zaman sizin də aqibətiniz yəqin ki, şaqqalanmış savakilardan və yan-yana başları kəsilmiş polislərdən fərqli olmayacaq.

Müraciət bu sözlərlə bitir: “Biz Azərbaycan Sosial Demokrat Partiyası olaraq modern və demokratik bir Azərbaycan dövlətçiliyindən yana olub, vətənimizin müstəqilliyi uğrunda, İran fars dövlətinin müstəmləkəçilik və işğalçılıq siyasətinə qarşı qurtuluş mücadiləsi verməkdəyik. Biz insan və insanlığı hər nədən üstün tutaraq, onun dini, milli və sinfi mənsubiyyətindən habelə siyasi əqidə və düşüncəsindən asılı olmayaraq, bütün insani, milli, dini haqlarından yana olub, işgəncə və ölüm cəzasına kəsinliklə qarşı olub, onu şiddətlə qınayırıq. Amma deməliyik ki, kimsə, illər boyu fars faşizminin dəhşətli cinayətlərindən cana gəlmiş qəzəbli kütlənin qarşısını belə bir hallarda alıb, onu kontrol etmək gücündə deyildir.
Bu müraciət həm də manqurtlaşmış azərbaycanlılar və özünü iranlı bilib, vətənimiz Azərbaycanda İran və irançılığı təbliğ edən, onun çıxar və mənfəətlərini üstün tutan fars şovinistlərinin sağçı, solçu və dinçi quyruqları olanlar haqqında da keçərlidir”.

musavat.com