Mövsüm Səmədov müttəhim kürsüsündə

movsum-semedov-muttehim-kursusunde
Oxunma sayı: 1003

Rəsmi qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov və digərlərinin istintaqı bitib. Ötən şənbə ittiham aktı təqsirləndirilən şəxslərin vəkillərinə təqdim olunub. Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Media forum” saytına açıqlamasında bildirib ki, qeyd edilən iş üzrə ibtidai istintaq tamamlanıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Vəkil Anar Qasımov “Media forum”a deyib ki, o, və digər vəkillər istintaq işinə xitam verilməsi üçün istintaq qrupu qarşısında vəsatət qaldırıblar: “Poçt vasitəsilə bizə göndərilən cavabda bildirilib ki, vəsatətimiz təmin olunmayıb”.

Bu il yanvarın 7-dən Azərbaycan İslam Partiyası üzvlərinin və bəzi dindarların həbsi başlayıb. Həmin gün Mövsüm Səmədov, onun sürücüsü Mirhüseyn Kazımov, AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayev və partiya funksioneri Elçin Həsənov tutulublar. Yanvarın 8-də Nərimanov Rayon Məhkəməsi Vaqif Abdullayevə 15, Mövsüm Səmədova və Elçin Həsənova 13, Mirhüseyn Kazımova isə 11 sutka iş verib. Onlar polisə tabe olmamaqda təqsirli biliniblər.

Həmin gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Mövsüm Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədovun işlədiyi dükanda əməliyyat-axtarış tədbirləri keçirib. Mövsüm Səmədovun atası Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radiklazmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanaraq götürülüb. Dəyanət Səmədov həbs olunub.

Yanvarın 11-də Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin evində axtarış aparılıb və rəsmi məlumata görə, 10 ədəd “F-1” əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silahı üçün 1 ədəd daraq aşkar edilib. Firdovsi Məmmədrzayev yanvarın 13-dən həbsdədir.

Yanvarın 18-də AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayevə, ayın 20-də isə Mövsüm Səmədova ittiham irəli sürülüb.

Həmin ay partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə, Masallının Xıl kəndinin axundu Fəramiz Abbasova məxsus evlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib və silah-sursat aşkar edildikdən sonra onlar da həbs olunublar.
İslamçılar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.

Yalnız Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

İslamçıları müdafiə edənlər hesab edir ki, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır. 2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.