BMT Qaraqalpaqıstanda baş verənləri araşdırmağa çağırdı

bmt-qaraqalpaqistanda-bas-verenleri-arasdirmaga-cagirdi
Oxunma sayı: 1092

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı (OHCHR) Mişel Baçelet Özbəkistanın Nukus şəhərində ötən cümə günü keçirilən qanunsuz etiraz aksiyası ilə bağlı vəziyyətin araşdırılmasına çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə OHCHR-in saytında dərc edilmiş bəyanatda deyilir:

“Nukus şəhərində etiraz aksiyaları zamanı ciddi zorakılıq, o cümlədən qətllər barədə aldığımız xəbərlər böyük narahatlıq doğurur. Hakimiyyəti maksimum təmkinli olmağa çağırıram”.

Qeyd edək ki, iyulun 1-də Qaraqalpaqıstanın paytaxtı Nukusda Özbəkistan Konstitusiyasına dəyişikliklərlə bağlı etiraz aksiyaları keçirilib. Məlumata görə, bölgənin hakimiyyət orqanlarını ələ keçirməyə cəhd edən iğtişaşların təşkilatçıları saxlanılıb. Daha sonra iyulun 3-dən avqustun 2-dək Qaraqalpaqstanda fövqəladə vəziyyət, habelə komendant saatı tətbiq edilib.

Özbəkistan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qaraqalpaqıstanda ictimai asayiş bərpa olunub, iğtişaşlar zamanı 18 nəfər həlak olub, 243 nəfər yaralanıb, 516 nəfər saxlanılıb.

Bazar ertəsi Özbəkistan Parlamenti etirazçıların israr etdiyi kimi Qaraqalpaqıstanın suverenliyini nəzərdə tutan statusunun saxlanmasına qərar verib.