MTN islamçılarla bağlı məlumat yaydı – Mətn

mtn-islamcilarla-bagli-melumat-yaydi-metn
Oxunma sayı: 699

Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti bir qrup islamçının həbsi ilə bağlı məlumat yayıb. Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Süleymanov Abgül Nemət oğlu, Bayramov Ramin Cahangir oğlu və Qəniyev Arif Gülsuvar oğlu saxlanılmışlar.

Müəyyən edilmişdir ki, Abgül Süleymanov İran İslam Respublikasının Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan «Cəfəri» adlı radikal dini qrup yaradaraq ona rəhbərlik etmişdir. Qrupun üzvləri dini radikallığı təşviq edən təbliğatlar aparmış, həmçinin belə ifrat çağırışları, eləcə də dini təfriqəni, məzhəb ayrıseçkiliyini aşılayan vərəqələrin hazırlanmasını və dindarlar arasında paylanılmasını təşkil etmişlər. «Cəfəri» adlı radikal dini qrup tərəfindən təbliğat işinin genişləndirilməsi məqsədilə «www.İslam-Azeri.az» internet saytı yaradılmış və ona rəhbərlik Ramin Bayramova həvalə olunmuşdur.

Abgül Süleymanov və «Cəfəri» adlı dini radikal qrupun üzvləri İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də Azərbaycan Respublikasında fəaliyyət göstərən radikal şiəmeyilli dini icma və birliklər, o cümlədən onların rəhbərləri ilə sıx əlaqələr saxlamışlar. Bundan başqa, Abgül Süleymanov hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və dövlətə xəyanət maddələri ilə 2008-ci ildən barəsində beynəlxalq axtarış elan olunmuş Azərbaycan Respublikasının vətəndaşı, İran İslam Respublikasının Qum şəhərində yaşayan və orada fəaliyyət göstərən “Haqq yolu” Elmi-mədəni müəssisəsinin rəhbəri Hüseynov İsgəndər Hüseynəli oğlu ilə yaxın münasibətlər saxlamaqla yanaşı, «Cəfəri» adlı dini radikal qrupun fəaliyyət istiqamətini müəyyənləşdirməkdə sonuncudan mütəmadi təlimatlar almışdır.

«Cəfəri» adlı radikal dini qrupun üzvləri İran İslam Respublikasının Azərbaycanda fəaliyyət göstərən dini nümayəndəlikləri tərəfindən maliyyələşdirilən və rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının tədbirlərində daim iştirak edərək, açıq şəkildə Azərbaycanda şəriət qanunuları ilə idarə olunan dövlətin yaradılmasına çağırışlar etmişlər.

Bundan başqa, Abgül Süleymanov Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra Qərb ölkələrinin səfirliklərinin qarşısında radikal dindarlar tərəfindən icazəsiz keçirilən bütün etiraz aksiyalarının təşkilatçısı olmuşdur.

Keçirilmiş baxışlar nəticəsində Arif Qəniyevin üzərindən təxminən 19 qram narkotik vasitə olan həşış və ona məxsus avtomobildən 1 ədəd “Makarov” tipli tapanca, həmin odlu silaha aid 1 ədəd tapança darağı, 5 ədəd «PM» patronu, Ramin Bayramova məxsus qarajdan 1 ədəd “Baykal” tipli tapança, həmin tapançaya aid səsboğucu, 1 ədəd tapança darağı, 8 ədəd patron, 2 ədəd «F-1» tipli əl qumbarası və 2 ədəd alışdırıcı, 13 qramdan artıq narkotik vasitə olan həşiş qətranı, Abgül Süleymanovun üzərindən 23,7 qram narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür.

Hazırda faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılmış, Süleymanov Abgül Nemət oğlu, Bayramov Ramin Cahangir oğlu və Qəniyev Arif Gülsuvar oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.