BMU-da beynəlxalq seminar keçirilir

bmu-da-beynelxalq-seminar-kecirilir
Oxunma sayı: 1233

Bakı Mühəndislik Universitetinin (BMU) və Milli Erasmus + Azərbaycan Ofisinin təşkilatçılığı ilə Avropa İttifaqının Texniki Dəstək Missiyasının (TAM) proqramı çərçivəsində “Beynəlxalq akkreditasiyadan keçmək üçün Azərbaycan ali təhsil müəssisələrinin mövcud tədris proqramlarının təkmilləşdirilməsi” adlı ikigünlük beynəlxalq seminar öz işinə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, seminarda Təhsil Nazirliyinin, beynəlxalq qurumların, ölkədə fəaliyyət göstərən ayrı-ayrı ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, son illər Azərbaycan ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə bir çox layihələr həyata keçirilib və uğurlu nəticələr əldə edilib. H.Məmmədov Avropa İttifaqının maliyyələşdirdiyi TAM-ın əsas məqsədinin milli və ya yerli səviyyədə mədəniyyətin idarə olunması ilə bağlı davam edən təşəbbüslərin və fəaliyyətlərin planlaşdırılmasına, həmçinin həyata keçirilməsinə kömək etmək olduğunu bildirib

Milli Erasmus + Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov layihənin Azərbaycanda yaranma tarixindən və önəmindən danışıb.

Qeyd edək ki, iki günlük seminarda ispaniyalı professor Cecila Ruiz Estebanın “Ali təhsil müəssisələrinin akkreditasiya standartları ilə daxili keyfiyyətin təminatı arasında uyğunluq-qarşılıqlı əlaqə” və “Milli çərçivədən beynəlxalq akkreditasiyaya” mövzularında təqdimatları dinləniləcək, birgə müzakirələr aparılacaq.