BMU-da gənc tədqiqatçıların III elmi konfransı öz işinə başladı

bmu-da-genc-tedqiqatcilarin-iii-elmi-konfransi-oz-isine-basladi
Oxunma sayı: 891

Bakı Mühəndislik Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı” öz işinə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, BMU-nun akt zalında baş tutan konfransda universitetin rektoru, professor Havar Məmmədov çıxışında Ulu öndərin Azərbaycan dövlətinə və xalqına olan xidmətlərindən danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyev hər zaman gənclərin dünyagörüşlü, elmli yetişməsinə önəm verib. Hələ sovet dövründə Azərbaycan gənclərini ittifaqın öndə gələn universitetlərində təhsil almaları üçün göndərirdi. Bu gün də bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində beynəlxalq tədbirlərdə uğurla təmsil olunur.

Konfransda iştirak edən Kanadanın Reyson Universitetinin professoru Ziad Saghir, Bakı Dövlət Universitetinin prorektoru, professor Aydın Kazımzadə, Azərbaycan Texniki Universitetinin prorektoru, professor İsa Xəlilov və AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov çıxış edərək Ulu Öndər Heydər Əliyevin  və Prezident İlham Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıblar.

Qeyd edək ki, konfransın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq və gənclərin elmə olan marağını artırmaqdır.