BMU-da “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı” öz işinə başladı - Fotolar

bmu-da-genc-tedqiqatcilarin-vii-beynelxalq-elmi-konfransi-oz-isine-basladi
Oxunma sayı: 1499

Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı” öz işinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, konfransın əsas istiqamətləri mühəndislik, xarici ticarət və gömrük xidməti memarlıq və inşaat, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, hüquq, tarix və sosiologiya elmləridir.

Gənclərin elmə olan marağını daha da artırmağı hədəfləyən konfransın əsas məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, təhlil etməkdir.

Açılışı nitqi ilə çıxış edən BMU-nun elmi işlər üzrə prorektoru Elçin Süleymanov hər il ənənəvi şəkildə təşkil olunan beynəlxalq tədbirin bu il əlamətdar tarixə - ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf etdiyini, bu baxımdan gənc tədqiqatçılar üçün ikiqat önəm daşıdığını bildirib.

Konfransa təqdim olunan məqalələrdən söz açan prorektor bu prosesin “Konfrans Elektron İdarəetmə Sistemi” üzərindən həyata keçirildiyini söyləyib. Bildirib ki, konfransa ümumilikdə 1750-yə yaxın məqalə daxil olub və onlar arasından 650-yə yaxın məqalə Təşkilat Komitəsi tərəfindən qəbul edilib. Bundan başqa, konfransa Türkiyə, Rusiya, Amerika, Macaristan, İtalya, Özbəkistan, Ukrayna və digər 10-a yaxın ölkədən məqalə daxil olub. Ölkəmizin 40-a yaxın universitetindən və AMEA-nın əksər institutlarından gənc tədqiqatçılar konfransa öz tezislərini göndəriblər.

Panel iclasın sonunda müvafiq tezislər üzrə elmi məruzələrlə çıxış edən məruzəçilərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, ikigünlük konfransda əsas istiqamətlər üzrə 25 müxtəlif seksiyalarda məruzələr dinlənəcək.