BMU-da konfrans keçirildi - Fotolar

bmu-da-konfrans-kecirildi
Oxunma sayı: 1843

Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin BMU-nun foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda soyqırımı qurbanlarının, bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib.

Millət vəkili Məlahət İbrahimqızının moderatorluğu ilə keçirilən konfransa dövlət və hökumət nümayəndələri, Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri, millət vəkilləri, tanınmış alimlər, həmçinin BMU rəhbərliyi və professor-müəllim heyəti qatılıb.

Açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev Azərbaycan xalqının son 200 illik tarixinin əlamətdar və yaddaqalan günlərini yaşadığını önə çəkib. Rektor ölkəmizin bu çətin regionda, dünyadakı mürəkkəb siyasi proseslər dövründə mühüm nailiyyətlər qazandığını, öz dinamik inkişafı ilə nümunəvi model formalaşdırdığını, bölgənin davamlı tərəqqisinə töhfələr verdiyini nəzərə çatdırıb.

Bildirib ki, soydaşlarımızın işğaldan azad edilmiş doğma torpaqlarında yenidən məskunlaşması, eləcə də tarixi ərazilərimiz olan Qərbi Azərbaycana qayıdış məsələsi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən sonra yaranmış yeni reallıqdır. Yaqub Piriyev əminliklə vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın qətiyyət və iradəsi, Azərbaycan xalqının müdrikliyi və sülhsevərliyi Qərbi Azərbaycana qayıdış konsepsiyasının uğurlu həllini təmin edəcək və bu, həm beynəlxalq hüququn, həm də ədalətin bərpasına öz müsbət töhfəsini verəcək. 

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli isə ictimai təşkilatın indiyədək gördüyü işlər barədə geniş məlumat verib. Bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsi artıq ictimai şüurda möhkəmlənərək ümummilli bir ideyaya, təkcə bu bölgədən olan insanlara deyil, bütün azərbaycanlılara aid bir məsələyə çevrilib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova ali məktəblərdə tarixi torpaqlarımıza qayıdışla bağlı maarifləndirmə tədbirlərinin önəmli olduğunu deyib. Professor azərbaycanlıların ayrı-ayrı illərdə Ermənistandakı öz dədə-baba torpaqlarından deportasiyasını, işgəncələrə məruz qalmasını, müxtəlif toponimlərimizin dəyişdirilərək erməniləşdirilməsini tarixi faktlarla diqqətə çatdırıb. Qərbi Azərbaycana qayıdışla bağlı mübarizənin qalib sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə hədəfə çatacağını qeyd edən Mahirə Hüseynova dövlətimizin hazırkı qüdrəti ilə bu ideyanın gerçək olacağına inandığını bildirib. Qərbi Azərbaycan itkisinin o bölgənin bütün ziyalılarının yaralı yeri olduğunu deyən professor onların bu ideya ətrafında səfərbərliyini müsbət qiymətləndirib və məsələnin gələcək nəsillərə çatdırılması üçün görülməsi vacib işləri vurğulayıb.

Tədbirdə digər çıxış edənlər bu gün Qərbi Azərbaycana qayıdış konsepsiyasının ölkəmizin əsas prioritetləri sırasında dayandığını, eyni zamanda xalqımızın hər bir fərdinin qəlbində tarixi torpaqlarımıza dönəcəyimizə dərin inamın yarandığını bildiriblər. Çıxışlarda qayıdış üçün atılacaq addımlar sadalanıb, bir sıra mühüm təkliflər irəli sürülüb.