BMU-da Qurtuluş Günü qeyd olunub

bmu-da-qurtulus-gunu-qeyd-olunub
Oxunma sayı: 833

Bakı Mühəndislik Universitetində 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə universitetin müəllim-tələbə heyəti ilə yanaşı, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev də iştirak edib.

Tədbirdə müstəqilliyimizin ilk dövrlərində baş verən hadisələrdən, xalqın təkidi ilə Ümummilli lider Heydər Əliyevin 15 iyunda hakimiyyətə gəlişindən sonra ölkəmizdə müsbət mənada baş verən dəyişikliklərdən bəhs edən sənədli film nümayiş etdirilib.

Universitetin rektoru, professor Havar Məmmədov tədbirdə açılış nitqi ilə çıxış edib: “1990–1993-cü illərdə Azərbaycan dövləti məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması, quberniyalara və əyalətlərə bölünməsi planı artıq çoxdan cızılmış və işə salınmışdı. Belə bir şəraitdə xalq ölkənin siyasi və iqtisadi böhrandan qurtulmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, dövlət müstəqilliyinin daimi və əbədi olmasının yeganə nicat yolunu ümummilli lider Heydər Əliyevdə gördü. Təsadüfi deyil ki, milli liderin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığı gün – 1993-cü ilin 15 iyunu tarixə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Azərbaycan milli və müstəqil dövlət kimi mövcudluğuna görə bu tarixi qayıdışa, milli qurtuluşa borcludur.

Bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada dövlətimizin nüfuzu daha da artır. Azərbaycan dünyanın ən qabaqcıl layihələrində iştirak edir”.

Tədbirdə məruzə ilə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev həmin ağır dövrlərdə baş verən hadisələrin canlı şahidi olduğunu faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.