BMU-da tələbə və məzunlar üçün karyera festivalı keçirilib - Fotolar

bmu-da-telebe-ve-mezunlar-ucun-karyera-festivali-kecirilib
Oxunma sayı: 2348

Bakı Mühəndislik Universitetində (BMU) “CareerFest BEU 2024” adlı karyera festivalı təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın bütün ali təhsil ocaqlarının tələbə və məzunları üçün açıq olan festivalda 104 nüfuzlu şirkət tərəfindən 1000-dən artıq aktiv vakansiya və təcrübə proqramları təqdim edilib.

Tədbirdə Dövlət Məşğulluq Agentliyinin, Təhsilin İnkişafı Fondunun, Təhsil Tələbə Krediti Fondunun və digər qurumların rəhbər şəxsləri iştirak ediblər.

Festivalın açılışında çıxış edən BMU-nun rektoru Yaqub Piriyev dövlətin gənclərin məşğulluğunun təminatı istiqamətində həyata keçirdiyi mühüm tədbirlərə diqqət çəkib və Prezident İlham Əliyev tərəfindən bu məqsədlə təsdiq olunmuş dövlət proqramlarının uğurla gerçəkləşdirildiyini bildirib.

Karyera festivalının tələbə və məzunlar üçün önəmini vurğulayan rektor belə tədbirlərin həm mövcud əmək bazarındakı tələbat barədə məlumat əldə etmək, həm də iş, təcrübə imkanları, müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmaq baxımından mühüm rol oynadığını söyləyib.

Açıq hava şəraitində keçirilən, böyük maraq doğuran “CareerFest BEU 2024”ün ənənəvi əmək yarmarkalarından öz xüsusiyyətləri ilə fərqləndiyini qeyd edən rektor festivalın təşkili zamanı müasir gəncliyin öyrənmə maraqlarının nəzərə alındığını bildirib və gəncləri festivalın yaratdığı fürsətlərdən istifadə etməyə, aktiv olmağa səsləyib. Daha sonra sərgidə nümayiş olunan stendlərə baxış keçirlib.

Digər universitetlərdən 2500-dən artıq məzun və tələbənin qeydiyyatdan keçdiyi, ümumilikdə 5000-ə yaxın iştirakçının qatıldığı karyera festivalı çərçivəsində interaktiv fəaliyyətlər, oyunlar, əyləncəli təcrübələr təşkil olunub, tanınmış müğənnilərin ifasında musiqi nömrələri təqdim edilib.