Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, universitetin tələbə-müəllim heyətinin iştirak etdiyi tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub, bəşəri faciəni real faktlarla əks etdirən videomaterial izlənilib.
Tədbirdə çıxış edən rektor Yaqub Piriyev dünya tarixinə ən dəhşətli soyqırımı aktlarından biri kimi düşən Xocalı faciəsinin erməni millətçiliyinin yüz illər ərzində həyata keçirdiyi etnik separatizm, başqa xalqlara qarşı nifrət, terror ideologiyasının tükürpədən, insanlığa utanc gətirən nümunəsi olduğunu deyib.
Azərbaycan xalqının bu dəhşətli faciədən sonra öz gücünü itirmədiyini önə çəkən rektor 2020-ci ilin 27 sentyabrında Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan xalqımızın ermənilərin işğalçılıq siyasətinə birdəfəlik son qoyduğunu vurğulayıb.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasında dayandığını vurğulayan rektor bu dəhşətli cinayətin beynəlxalq müstəvidə tanıdılmasında dövlətimizin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərindən ətraflı danışıb. Bildirib ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində sistemli və ardıcıl fəaliyyət göstərilib və faciə ilə əlaqədar dəhşətli faktlar bəşəriyyətin diqqətinə çatdırılıb.
Daha sonra BMU-nun ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva, kafedranın professoru Şikar Qasımov geniş məruzələrlə çıxış ediblər.
Tədbir tələbələrin ifasında “Faciədən doğan intiqam” adlı bədii-lirik kompozisiya ilə davam edib.