Müdafiə Nazirliyində başıpozuqluq

<b>Müdafiə Nazirliyində başıpozuqluq</b>
Oxunma sayı: 311

Bu məqsədlə apardığım araşdırma zamanı mən də eybəcər faktlarla rastlaşdım. Əldə olunan faktlardan çıxış edərək, müxtəlif strukturlara rəsmi sorğular göndərdim. Hələlik nə Müdafiə, nə Xarici İşlər nazirlikləri, nə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sorğulara cavab verməyib. Sorğu göndərdiyim ünvanlardan biri, Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentlik isə cavab verməsə də, reaksiya verib.

Bir neçə gün əvvəl özünü agentliyin hüquqşünası kimi təqdim edən şəxs zəng vuraraq sorğu ilə bağlı iradlarını bildirdi. Daha sonra isə o sorğuda göstərilənlərin məxfi olduğunu və bunun üçün Milli Təhlükəsizlik Nazirliyindən icazə alınmasının vacibliyini söylədi. Mənə və müasir jurnalistikamıza yağdırdığı ittihamlarını səbrlə dinlədikdən sonra Azərbaycan Respublikasının qanunlarından xəbəri olmayan bu hüquqşünasa bircə onu bildirdim ki, sorğuya cavab vermək agentliyin qanunla təsbit olunmuş borcudur. Beləcə söhbətimiz tamamlandı. Yəqin Sizin üçün maraqlı oldu ki, axı mən nə soruşmuşdum?
Suallarım sadə və aydınıdır:
1) Cəbhə xəttində mühafizə divarının tikilməsi üçün dövlət tərəfindən nə qədər vəsait ayrılıb?
2) Bu günə qədər işin neçə faizi görülüb?
3) Görülən işlərə nə qədər vəsait xərclənib?
Yəqin ki, Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentlik adından danışan hüquqşünasın nədən narahat olduğunu anladınız?

Bu sorğuya alacağım və ya almayacağım cavabla bağlı araşdırma tamamlandıqdan sonra daha ətraflı yazacam. İndi isə apardığım araşdırmanın son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı hissəsinə diqqətinizi cəlb etmək istəyirəm.

Bu mövzu ilə maraqlananların ötən həftə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatından yəqin ki, xəbərləri var. Bu bəyanatın ortaya çıxmasına səbəb Ermənistan Xarici İşlər Nazirliyinin ATƏT sədrinin şəxsi nümayəndəsinə müraciəti olub. Baş verənlərin operativliyi və mütəşəkkilliyi maraq doğurur.

Erməni mənbələrinin verdiyi məlumata görə, 3 əsgərin ölümünə səbəb olan olay 27 aprel saat 04:15 dəqiqədə baş verib. Saat 09:30-da artıq Ermənistan KİV-ləri həm baş verən hadisə, həm də Xarici İşlər Nazirliyinin ATƏT sədrinin şəxsi nümayəndəsinə müraciəti barədə məlumat yayıb. 27 aprel saat 15:30 radələrində isə həmsədrlərin bəyanatı yayılıb.

Dünyanın diqqəti Azərbaycanda olduğu bir vaxtda belə operativliyin və mütəşəkkilliyin arxasında məkrli niyyət dayana bilər. Bütün hallarda operativliyin və mütəşəkkilliyin qarşısında bizim strukturların fəaliyyəti daha çevik olmalıdır.

Əslində, apardığım araşdırma zamanı üzə çıxan, Azərbaycan Müdafiə Nazirliyinin başıpozuq fəaliyyəti barədə indi diqqətinizə çatdıracağım fakt ötən ay baş verib. Bu barədə yazmaq çətin idi. Amma erməni tərəfinin operativliyinin və mütəşəkkilliyinin qarşısında belə başıpozuq fəaliyyət barədə susmağı özümə bağışlaya bilməzdim.

Fakt isə ondan ibarətdir ki, Azərbaycan ordusunun bir yox, bir neçə əsgərinin erməni gülləsindən şəhid olduğu gün üçün Azərbaycan Müdafiə Nazirliyinin atəşkəs pozulmasına dair heç bir məlumatı yayılmayıb. Bir daha təkrar edirəm əsgərlərimiz şəhid olub, amma Müdafiə Nazirliyimizin məlumatlarında həmin gün və həmin istiqamətdə atəşkəsin pozulması barədə heç nə yoxdur. Nə Müdafiə Nazirliyinin nə öz rəsmi saytında, nə də ölkənin aparıcı agentliklərində sözügedən gün atəşkəsin pozulması ilə bağlı məlumat yoxdur.

İki ehtimal oluna bilər:
1)Doğurdan da atəşkəs pozulmayıb. O zaman sual olunur ki, bəs əsgərlərimizin ölümündə kim günahkardır?

2)Atəşkəs pozulub. Amma Müdafiə Nazirliyində cavabdeh şəxslər xidməti vəzifəsini yerinə yetirməyib.

Hər iki hal Müdafiə Nazirliyində başıpozuqluq hallarının mövcudluğundan xəbər verir. Unutmayın ki, söhbət Azərbaycan əsgərindən gedir.

Niyə bu faktı xatırlatmağı vacib hesab elədim. Çünki beynəlxalq təşkilatların iş prinsipinə az-çox bələd olan adam kimi bilirəm ki, rəsmi qaynaqlarda təsdiqini tapmayan hadisələr onlar üçün yoxdur. Belə hadisələr və belə faktlar rəsmi hesabatlara düşmür.

Əslində, mən öz içimizdə düşmən axtarmağın həmişə əleyhinə olmuşam. Amma bəzən qarşılaşdığım faktlar özümüzə bir az tənqidi yanaşmanı tələb edir. Və unutmayaq ki, ordumuz deyib fəxr etməklə yanaşı, səhvi olanlara dayan demək də lazımdır. Əks təqdirdə nə ordumuz olacaq, nə də Qarabağımız.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi