Müəmmalı 150 min dollar?

muemmali-150-min-dollar-
Oxunma sayı: 692

Gürcüstanın Keyfiyyət Fondunun Azərbaycanın Azad İstehlakçılar Birliyinə rəsmi məktubunda “Baltika-Bakı” şirkətinin 150 000 dollardan yuxarı məbləğdə məhsullarının, onların keyfiyyətinin zəruri standartlara uyğun olmaması səbəbindən Gürcüstanda satışdan çıxarılması barədə məlumat verməsi haqda Azərbaycanın bir sıra KİV-lərində informasiya dərc olunmuşdu. “Baltika-Bakı” MMC-dən “Qafqazinfo”ya daxil olan rəsmi məlumatda bildirilir ki, 2011-ci ildə yeni distribütorun axtarışı ilə əlaqədar “Baltika-Bakı” şirkətinin məhsulları Gürcüstana ixrac olunmayıb. Bundan əvvəl “Baltika-Bakı” şirkətinin məhsullarının Gürcüstan ərazisində satışı və yayılmasının həyata keçirilməsi üzrə şirkət “Kapitalpoint” MMC ilə müqavilə imzalayıb. Müqavilənin müddəti bitib. Qeyd olunan səbəblərə görə, “Baltika-Bakı” şirkətinin zavodunda istehsal edilmiş pivənin məhz hansı partiyasının satışdan çıxarıldığı qeyri-müəyyən olaraq qalır.

“Baltika-Bakı” şirkətinin məhsullarının, xüsusən Gürcüstana ixrac olunan məhsullarının keyfiyyəti Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyasının ekspertizası və Azərbaycan Ticarət-Sənaye Palatası yanında Azərbaycan Ekspertiza Mərkəzinin rəyi, habelə Azərbaycanın dövlət orqanları tərəfindən verilmiş çoxsaylı uyğunluq sertifikatları ilə təsdiqlənib.

“Baltika-Bakı” MMC-nin baş direktoru Adam Tlexuray deyib ki, müəssisənin məhsullarının hazırda Gürcüstanın ticarət məntəqələrində təmsil olunmaması bəs deyil, materiallarda adı çəkilən 150 000 ABŞ dolları məbləği “Baltika-Bakı”şirkətinin keçmiş distribütoru olan “Kapitalpoint” MMC-nin borclu olduğu məbləğ ilə oxşardır: “Distribütor 2010-cu ildə göndərilmiş məhsullar üçün bizə pul ödəməkdən imtina edir. 2011-ci ilin mayında biz, “Kapitalpoint” MMC-dən borcun alınması barədə ərizə ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməyə məcbur olduq. İddia təmin edildi. Məhkəmə göstərilən məbləğin “Kapitalpoint” MMC-nin hesabından tutulması barədə qərar çıxardı. Biz düşünürük ki, meydana çıxmış nəşrlər bu vəziyyətlə əlaqədar ola bilər”.

“Baltika-Bakı” pivə zavodu Azərbaycanda 2008-ci ildən fəaliyyət göstərir. Hazırda zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkət 2009-cu ildən etibarən Gürcüstan bazarına tədarükləri həyata keçirir. Ötən il Gürcüstana təqribən 90 min dal pivə ixrac olunub və pivənin əsas ixrac markaları “Baltika №9 Krepkoe”, “Baltika №7 Eksportnoe”, “Baltika Kuler” və “Arsenalnoe”-dir.

Nigar Məmmədli