“Müsabiqənin keçirilməsi üçün tikilən yer vaxtında başa çatdırılmalıdır” - “Eurovision” xəbərdarlığı

musabiqenin-kecirilmesi-ucun-tikilen-yer-vaxtinda-basa-catdirilmalidir-eurovision-xeberdarligi-
Oxunma sayı: 672



“Eurovision” Mahnı Müsabiqəsinin Baş prodüseri Yan Ola Sand və müsabiqənin təşkilati rəhbəri Sietse Bekker İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) olub. İTV-dən “Qafqazinfo”ya verilən məlumata görə, Baş direktor İsmayıl Ömərovla görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision Mahnı Müsabiqəsi-2012”nin təşkilati, texniki, hüquqi və yaradıcılıq məsələləri müzakirə olunub. Baş direktor qonaqlara müsabiqəyə hazırlığın gedişi haqqında ətraflı məlumat verib. Bakıya ikinci dəfə səfər etdiyini və bu dəfəki səfərində də əsas məqsədin görülən, eləcə də nəzərdə tutulan işlərlə tanışlıq olduğunu bildirən Yan Ola Sand müzakirələrdən razı qaldığını bildirib. “Bu gün bir çox məsələləri müzakirə etdik. Müsabiqəyə hazırlıqla bağlı indiyədək görülən işlər qənaətbəxşdir. Əsas odur ki, bu görüşlərimizdə prioritetləri – nədən başlayıb, nə ilə sona çatdırmağı müəyyən etməliyik.”

Səfər öncəsi Sietse Bekker xarici mətbuata müsahibəsində Azərbaycanın “Eurovosion” hazırlıqları üçün “B variantı” barədə məlumat vermişdi. Onun bu fikirləri bəzi insanlarda narahatlıq doğurdundan Avropa Yayımları Birliyinin (EBU) rəsmisi məsələyə aydınlıq gətirərək bunun ehtiyat variant olduğunu vurğulayıb: “Mətbuatda səsləndirdiyim “B variantı”nda qeyri-adi heç nə yoxdur. Azərbaycanda müsabiqənin harada keçiriləcəyi ilə bağlı söhbət etdik. Əgər müsabiqənin keçirilməsi üçün yeni bir yer tikilirsə, o vaxtında başa çatdırılmalıdır. Şou yeni tikiləcək bir məkanda keçiriləcəksə, onda “B variantı” ehtiyat kimi lazımdır. Əgər hansısa səbəbdən gecikmə və ya başqa bir çətinlik ortaya çıxarsa, onda ehtiyat variant kimi alternativ yer olmalıdır” - deyə Sietse Bekker bildirib.

EBU nümayəndəsi bu məsələ ilə bağlı daha dəqiq məlumatları Bakıdakı müzakirələrdən sonra əldə edəcəklərini bildirib. Qeyd edək ki, EBU təmsilçiləri Yan Ola Sand və Sietse Bekkerin Azərbaycana səfəri avqustun 11-dək davam edəcək. Qonaqlar avqustun 11-də İctimai TV-də aparıcı Hüsniyə Məhərrəmovanın təqdimatında 21.00-da efirə gedəcək “Eurovision xəbərləri” verilişində olacaq. Verilişdə müsabiqə ilə bağlı ictimaiyyəti maraqlandıran suallara cavab veriləcək.

Nigar Məmmədli