Müxalifət partiyasının lideri Rəsulzadə irsinin araşdırılmasını davam etdirir

muxalifet-partiyasinin-lideri-resulzade-irsinin-arasdirilmasini-davam-etdirir
Oxunma sayı: 682

“Ə.M.Topçubaşi və M.Ə.Rəsulzadə: Yazışmalar. 1923-1926-cı illər” kitabı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət vəkili Fərəc Quliyevin yardımı ilə çap olunub.
Bu günlərdə Moskvada “Sosial-siyasi fikir” nəşriyyatında “Ə.M.Topçubaşi və M.Ə.Rəsulzadə: Yazışmalar. 1923-1926-cı illər” kitabı çapdan çıxıb. Toplunun tərtibatçısı, eyni zamanda ön sözün və qeydlərin müəllifi bu sahədə məhsuldar faliyyət göstərən tarix elmləri doktoru Salavat İshaqovdur.
Son illər ADR-in tarixi və Azərbaycan mühacirləri ilə bağlı çoxlu qiymətli tarixi araşdırmalar çap olunub, yeni nəşr isə, təkcə mütəxəssislər üçün deyil, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Burada 1920-ci ilin aprelindən - Azərbaycan Demorkatik Respublikasının süqutundan sonra mühacirət etməli olmuş iki görkəmli Azərbaycan siyasətçisinin – M.Ə.Rəsulzadə və Ə.M.Topçubaşinin yazışmaları ilk dəfə yer alıb. Topluya daxil edilən məktublar bu yaxınlarda Ə.M.Topçubaşinin Parisdəki Rusiya, Qafqaz və Mərkəzi Ali Sosial Araşdırmalar Məktəbinin tədqiqatlar mərkəzinin şəxsi fondundan tapılıb. Bu məktublar şəxsi, bəzən isə, məxfi xarakter daşıyıb və indiyədək onlardan yalnız M.Ə.Rəsulzadə və Ə.M.Topçubaşinin keçmiş silahdaşlarının məhdud dairəsində məlumatlı olublar.
Topludakı məktubların məzmunu nəinki Azərbaycan və Qafqaz mühacirlərinin həyatının bir çox sirlərinə işıq salır, həm də Azərbaycanın, Qafqazın, Avropanın və Şərqin XX əsrin ilk rübünün beynəlxalq münasibətlər tarixinin bir çox aspektlərinə yeni nəzərlərlə baxmağa imkan verir. Bu sənədlər növbəti dəfə təsdiq edir ki, 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması hansısa təsadüfi hadisə deyil, Azərbaycan mütəfəkkirlərinin, ədiblərinin, jurnalistlərinin və siyasətçilərinin bir neçə nəslinin XIX əsrin sonu – XX əsrin əvvəllərində məqsədyönlü fəaliyyətinin nəticəsi idi.
Nəşr olunan yazışmaların əhəmiyyəti ondadır ki, M.Ə.Rəsulzadə və Ə.M.Topçubaşi ideoloji, təşkilati, diplomatik və həm də maliyyə planında Azərbaycan mühacirətinin aparıcı fiqurları idilər. Bu baxımdan onların məktublaşmaları Azərbaycan mühacirətinin tarixinin, xüsusən də Azərbaycan və ümumilikdə Qafqaz mühacirlərinin vahid cəbhəsinin yaradılmasına yönəlmiş cəhdlərin öyrənilməsi baxımından qiymətli mənbədir.
Məlum olduğu kimi, M.Ə.Rəsulzadə və Ə.M.Topçubaşinin münasibətləri heç də həmişə eyni dərəcədə hamar olmayıb. Prinsipcə, bu, anlaşılandır, onların hər ikisi öz baxışları və mövqeləri olan qeyri-adi şəxsiyyətlər idilər. Buna görə də təəccüblü deyil ki, onların bu və ya digər məsələ ilə bağlı mövqeləri bəzən üst-üstə düşmürdü. Amma bununla yanaşı, onlar milli maraqlar naminə həmişə şəxsi rəğbət və xoşagəlməzlik hissindən yuxarıda dayanmağı bacarırdılar.
M.Ə.Rəsulzadə və Ə.M.Topçubaşinin yazışmalarını oxuyarkən, bir daha əmin olursan ki, onların bütün fikir və cəhdləri istisnasız olaraq vətənin və xalqın taleyi üzərində cəmlənmişdi.
M.Ə.Rəsulzadə Ə.M.Topçubaşiyə ünvanladığı məktublardan birində ağrı ilə yazır: “Siyasi cəhətdən boğulan, iqtisadi əsarətdə olan, etnoqrafik cəhətdən yad elementlər tərəfindən zorlanan bədbəxt xalq mənən daha çox pozulur, saxta doktrinaların məharətlə qurduğu riyakarlıq, yalan, zorakılıq, təqib və qan torlarında boğulur”.
Təsadüfi deyil ki, onların yazışmalarında, demək olar ki, bir dənə də olsun, şəxsi xahiş yoxdur. Burada yalnız mühacirət problemlərindən və Azərbaycan mühacirlərinin faəliyyətini birləşdirmək yollarının axtarışlarından söhbət gedir. Halbuki çox zaman onların bir-birinə dəstək olmaq üçün belə imkan və vəsaitləri yox idi. Beləliklə, “Yeni Kafkasya”nın böhranlı vəziyyətinə acıyaraq, o, təəssüflə qeyd edirdi ki, “köməyə gəlmək imkanlarından məhrumdur”.
Xüsusi qeyd etmək lazımdır ki, Ə.M.Topçubaşi, demək olar ki, Avropada yaşayan yeganə Azərbaycan mühaciri idi ki, “Yeni Kafkasya” ilə fəal əməkdaşlıq edirdi. Onun özünün etirafına əsasən, bu onunla bağlı idi ki, “Azərbaycan mühacirlərinin əksəriyyəti səpələnmişdilər, qalanları isə güclə başlarını saxlayırdılar” və siyasi fəaliyyət hayında deyildilər.
Azərbaycan daxilindəki prosesləri ilə bağlı dəqiq məlumata malik olan M.Ə.Rəsulzadə və Ə.M.Topçubaşi müstəqil Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə perspektivlərini real qiymətləndirirlər. Məsələn, M.Ə.Rəsulzadə 23 iyun 1924-cü il tarixli məktubunda qeyd edirdi ki, müxtəlif Avropa siyasətçilərinin SSRİ-nin qarşısını almaq planlarını ciddi qəbul etmək lazım deyil. Onun sözlərinə görə, bu planlar “onlarına inanmaq üçün həddən artıq böyük və fantastikdir”.
Ankara ilə Moskvanın yaxınlaşması Türkiyədəki Azərbaycan mühacirətinin faəliyyəti üçün çətinliklər törətsə də, M.Ə.Rəsulzadə Ankaranın bu cəhdlərinə anlayışla yanaşırdı. O gözəl anlayırdı ki, belə cəhdlər real geocoğrafi vəziyyətdən doğur. Atatürkü nəzərdə tutaraq M.Ə.Rəsulzadə qeyd edirdi ki, “əgər o, Türkiyəyə münasibətdə Avropa, xüsusən də İngiltərə sərmayəsinin həqiqi loyallığına inansaydı, hamıdan əvvəl türk millətinin əsrlik düşməninə qarşı çıxardı”.
Şübhəsiz ki, ön söz müəllifinin bəzi ideyaları – məsələn, Azərbaycan Milli Mərkəzinin mühacirətdə olan hökumət qismində formalaşmasının 1924-cü ildə deyil, milli və əcnəbi tarixşünaslıqda qəbul edildiyi kimi, 1927-ci ilə tasadüf etməsi barədə fikri mübahisəlidir. Ən azı, bu gün müəllifin bu fikrini təsdiq edən birbaşa dəlillər yoxdur. Amma bu məqam sözügedən toplunun dəyərinə və S.İshaqovun xidmətlərinə kölgə salmır: onun cəhdləri sayəsində milli araşdırmaçılar son illərdə müəllifin müxtəlif arxivlərdən tapdığı, indiyədək məlum olmayan xeyli qiymətli sənədlər əldə ediblər.
Kitabın nəşri Parisdəki Rusiya, Qafqaz və Mərkəzi Ali Sosial Araşdırmalar Məktəbinin tədqiqatlar mərkəzinin araşdırmaçısı Georgi Mamulianın yardımı nəticəsində mümkün olub: Mamulia məktubları taparaq, onların fotosurətini təqdim edib. Bundan əlavə, nəşrin hazırlanmasında 30 ildən çoxdur Azərbaycanın yeni və ən yeni tarixi ilə bağlı sənədlərin vətənə qaytarılması ilə məşğul olan Ramiz Abutalıbovun və Türkiyə Ege Universitetinin professoru Yavuz Akpınarın da böyük dəstəyi olub.