Müxalifətin 2012-si - Planlar

muxalifetin-2012-si-planlar
Oxunma sayı: 673

- 2011-ci ili Azərbaycan üçün necə dəyərləndirirsiniz?
İsa Qəmbər:

- 2011, təəssüf ki, Əliyev rejimi dövründəki bütün illər kimi bütövlükdə Azərbaycan üçün itirilmiş ildir. Amma digər itirilmiş illərdən fərqli olaraq, bu il Xeyir və Şər arasında mübarizə daha intensiv getdi. Yəni bu il Azərbaycanda işığı yandırmaq, Azərbaycanı aydınlığa çıxarmaq istəyən qüvvələrlə Azərbaycanı qaranlıqda saxlamaq istəyən qüvvələrin mübarizə ili oldu. Bu obrazlı ifadə deyil, reallıqda da belə oldu. Müsavat Partiyasının, “Azadlıq” qəzetinin, Ziyalılar Forumunun, mömin qardaşlarımızın bir sıra tədbirlərinin işığı söndürmək yolu ilə qarşısını almağa cəhd elədilər. Bu il aydınlıq istəyən qüvvələr öz əzmlərini nümayiş etdirdilər. İctimai Palatanın, Ziyalılar Forumunun yaradılması, gənclərin fəallaşaraq mübarizədə daha fədakar iştirakı və bir çox başqa əlamətlərinə görə bu il cəmiyyətimiz ciddi addımlar atdı. Hesab edirəm ki, hakimiyyətin bunun qarşısını almaq cəhdləri iflasa uğrayacaq və bu il başlanmış proses gələn il davam edərək çox ciddi nəticələr verəcək.

Əli Kərimli:

- 2011 Azərbaycan üçün kifayət qədər ziddiyyətli, keşməkeşli və dinamik oldu. Korrupsioner və kriminal hakimiyyət iş başında qaldı. İl ərzində yüz minlərlə insanın hüquqları pozuldu. Ölkənin milyardlarla sərvəti talan edildi. On minlərlə vətəndaşın evləri uçuruldu. 40 nəfərdən artıq yeni siyasi məhbus siyahısı yarandı. Amma digər tərəfdən 2011 həm də müəyyən bir optimizm yaradan il oldu. Ərəb inqilabı dalğasının ilin sonunda MDB məkanına keçməsi heç şübhəsiz ki, Azərbaycan cəmiyyətinə də müəyyən təsir göstərib. Azərbaycan cəmiyyəti bu il əvvəlki illərlə müqayisədə daha dinamik olmağa başlayıb. İctimai Palata il ərzində çalışıb ki, ictimai-siyasi fəallığı saxlasın. Məhz bu il hakimiyyətin razılığı olmasa da bir neçə dəfə İctimai Palatanın təşəbbüsü ilə razılaşdırılmamış, amma minlərlə insanın iştirakı ilə mitinqlər keçirilib. Məhz bu il uzun fasilədən sonra hakimiyyət yenidən həyəcan, qorxu keçirərək şəhərin mərkəzinə qoşun yığıb. Azərbaycan cəmiyyətində bu il müəyyən bir oyanma müşahidə edilib. Müxalif partiyalara, İctimai Palata üzvlüyünə qəbullar artıb. Gənclər bu il fəallaşaraq ciddi qüvvəyə çevrildilər. Azərbaycan ziyalıları da artıq mühüm bir ictimai-siyasi faktora çevriliblər. Hakimiyyəti üçün əlavə bir baş ağrısı yaradıblar. Eyni zamanda bu il Azərbaycan dindarları da öz haqları uğrunda mübarizəyə başlayıblar. Nəticədə xeyli sayda dindar da apardığı mübarizəyə görə həbs olunub. Beləliklə, bu ilin ərzində Azərbaycan hakimiyyəti cəmiyyətin müxtəlif təbəqələri ilə qarşıdurma şəraitində yaşamalı olub. Yəni artıq təkcə müxalifət yox, bu il artıq cəmiyyətin ən müxtəlif təbəqələri də hakimiyyətə qarşı çıxıblar, indiki vəziyyəti dəyişməyə cəhd göstəriblər. Ona görə də bu il cəmiyyətin özünə inamı bərpa olunub. Belə bir ümidlə Azərbaycan cəmiyyəti 2012-ci ilə keçir.

- 2011-ci ilin əvvəlində demokratiya uğrunda hərəkat aktivləşdi. Lakin qarşıya qoyulan məqsədə tam nail olmaq mümkün olmadı. Növbəti il proseslər hansı istiqamətdə inkişaf edəcək. 2012-də dəyişikliklər ümidi varmı?

İsa Qəmbər:

- 2011-ci ili köklü dəyişikliklərə hazırlıq ili kimi qiymətləndirirəm. Bu gün 16 vicdan məhbusunun zindanlarda olması cəmiyyətimizin mübarizə əzminin böyük olmasından xəbər verir. Arif bəy başda olmaqla bütün dostlarımızı qəzet vasitəsilə bir daha salamlayıram, onların mübarizəsinin konkret nəticələr verəcəyinə inamımı ifadə edirəm. Hakimiyyət növbəti səhvə yol verdi ki, ilin sonunda, bayram ərəfəsində vicdan məhbuslarını, siyasi məhbusları azad etmədi. Bu, cinayət olmaqla yanaşı, çox ciddi bir səhvdir. Mən inanıram ki, gələn il ciddi dəyişikliklər baş verəcək. 2012-ci il Azərbaycanda köklü demokratik dəyişikliklər istiqamətində ciddi nailiyyətlərin əldə olunacağına inanıram.

Əli Kərimli:


- 2012 Azərbaycan üçün daha da dinamik il olacaq. Azərbaycanda ictimai-siyasi proseslər daha da sürətlənəcək. Bir sıra mühüm faktorlar Azərbaycandakı prosesə təsir edəcək. O cümlədən, davam edən ərəb inqilablarının əldə eləyəcəyi yeni nəticələr, Rusiyada demokratikləşmə prosesinin vüsət alması, bütövlükdə MDB regionuna demokratikləşmə prosesinin sıçraması, İranın ətrafında baş verən hadisələr-bunların hamısı Azərbaycandakı proseslərə bu və ya digər şəkildə təsir edəcək. Amma ən mühümü ölkənin daxilində baş verənlərdir. Artıq mən müşahidə edirəm ki, ölkənin daxilində milli oyanış başlanıb. Heç şübhəsiz ki, milli oyanışın yenidən başlanmasında internetin böyük rolu var. Çünki avtoritar rejim çalışır ki, insanları informasiyasız saxlasın. Amma bu gün internet vasitəsilə yüz minlərlə insan hakimiyyətin senzurasına məhəl qoymadan həqiqətləri öyrənir. İnternetliləşmə gəncliyin ictimai-siyasi prosesə daha kütləvi müdaxiləsi demokratiya uğrunda mübarizənin qarşısıalınmaz bir dalğaya çevrilməsini təmin edir. Ona görə də 2012-ci ildə daxildən bu prosesin güclənəcəyini gözləyirəm. Eyni zamanda 2012-ci ilin hətta normal qrafik üzrə belə prezident seçkilərindən əvvəlki il olduğunu da nəzərə alanda bu il siyasi prosesdə bir canlanma olmalıdır. Bütövlükdə hesab edirəm ki, 2012-ci il 2011-ci ildə başlanmış proqressiv tendensiyaların inkişafı ilə xarakterizə olunacaq.

- Bəziləri iddia edirlər ki, hakimiyyət dəyişikliyi qəfil başlanan sürətli proseslə də baş verə bilər. Bu iddialar nə dərəcədə əsaslıdır?

İsa Qəmbər:

- Bunlar hamısı məsələnin detallarıdır. Önəmli olan odur ki, Azərbaycan xalqı dəyişiklik istəyir, dünyanın hər yerində gedən dəyişiklik prosesi Cənubi Qafqazı da, azərbaycanı da hər tərəfdən bürüyüb. Önəmli olan odur ki, Azərbaycanda bu köklü demokratik dəyişikliklər baş verəcək. Biz istəyirik ki, bu, dinc şəkildə baş versin. Mümkün qədər qarşıdurmasız, gərginliksiz həyata keçsin. Ancaq bunun üçün bizim istəyimiz yetərli deyil. Hakimiyyət də bunu başa düşməlidir. Başa düşməyəcəksə, daha gərgin şəkildə bu proses davam edəcək. Amma bunun qarşısını heç bir qüvvə ala bilməyəcək. Qısamüddətli olacaqmı, uzun müddət çəkəcəkmi bu, artıq bizim fədakarlığımızdan, əzmimizdən asılı olacaq.

Əli Kərimli:


- Mən şəxsən özüm hər zaman özümü və məni eşidən yaxın ətrafımı daha çətin əldə olunan qələbələrə hazırlamağın tərəfdarıyam. Asan və tez əldə olunan qələbələri istisna etməmək şərti ilə hər zaman daha ciddi şəkildə işləməyə səy göstərmək lazımdır. Rejimlərin hamısında, o cümlədən Azərbaycanda seçkilər formal xarakter daşıdığına görə hakimiyyətlərin legitimliyi hər zaman şübhə altında olur. Yəni azərbaycanda legitim, xalq tərəfindən nəticələri qəbul olunan nə parlament, nə prezident seçkiləri keçirilməyib. Ona görə də istənilən zaman xalqın tələbi ilə növbədən kənar parlament və prezident seçkiləri keçirilə bilər. Bu da ölkədə köklü dəyişikliklərin vaxtını irəliyə çəkə bilər. Bunu heç vaxt istisna eləmək olmaz. Amma yalnız buna ümid edərək də işləmək doğru olmaz. Hadisələrin bütün variantlarına hazır olmalıyıq. Bu gün üçün dəqiq bildiyimiz bir şey var ki, o da Azərbaycandakı indiki status-kvonun, sülalə hakimiyyətinin uzun müddət davam etməyəcəyi və ölkədə köklü dəyişikliklərin həyata keçməsinin labüd olması ilə bağlıdır.

- 2012-ci ildə müxalifətin çevrəsi bir qədər də genişlənə bilərmi?

İsa Qəmbər:

- İctimai Palatanın böyüyəcəyinə, demokratik düşərgənin toparlanacağına heç bir şübhəm yoxdur. Burda da söhbət təkcə ayrı-ayrı partiyalardan, təşkilatlardan getmir. Söhbət demokratik düşərgə ilə cəmiyyətin bütünləşməsindən gedir. İnanıram ki, bu istiqamətdə də ciddi dəyişikliklər olacaq.

Əli Kərimli:


- İctimai Palata 2011-ci ilin yekunlarına görə sübut etdi ki, o ölkədə əsas güc mərkəzidir. Amma eyni zamanda bu da bir həqiqətdir ki, Azərbaycanda bu gün İctimai Palatada təmsil olunmayan bir çox demokratik güclər də var ki, onlar ölkənin demokratikləşməsi üçün çalışırlar. Yəni demokratik dəyişikliklər üçün çalışan qüvvələrin heç də hamısını əhatə eləmir İctimai Palata. Ona görə də bizim vəzifələrimizdən biri də bundan ibarətdir ki, ölkədə demokratik dəyişikliklər üçün çalışan bütün demokratik qüvvələrlə əməkdaşlığın yeni yollarını arayaq. Çalışaq ki, Azərbaycanın bütün demokratik potensialını bir araya gətirmək mümkün olsun.

“Yeni Müsavat”