“Müxalifətin istəyi budur ki...” - Açıqlama

muxalifetin-isteyi-budur-ki-aciqlama
Oxunma sayı: 637

Bunu ABŞ səfiri Metyu Brayzanın "Azərbaycanda "Ərəb baharı" gözlənilmir", - açıqlamasını “Qafqazinfo”ya şərh edərkən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Razi Nurullayev deyib.
"Azərbaycan doğurdan da ərəb dövlətlərindən fərqlənir. Yeni Azərbaycan Partiyası müəyyən mənada idarə olunan və görüntü yarada bilən bir demokratiya təzahürü yaradıb. Daxildə isə xalq ciddi narazıdır. Sosial problemlər burulğanı ölkəni ağuşuna alıb. Qiymətlər idarəolunmaz hala gəlib, Bakı dünyanın ən bahalı şəhərləri sırasına düşüb. Kasıbla varlı arasında olan uçurum o qədər dərinləşib ki, artıq onun dibi görünmür. Əhalinin pul gəlirləri artmır.
İstisna deyil ki, xalqın narazı kütləsi qalxa, inqilablara cəhd edə və ya xaos yaradaraq vəziyyəti nəzarətdən çıxara bilər. Təbii ki, biz Azərbaycan müxalifəti olaraq ölkədə dinc, siyasi islahatlar yolu ilə dəyişikliklərin tərəfdarıyıq. İstəmirik ki, Azərbaycanda çaxnaşmalar, zor gücünə hakimiyyət dəyişikliyi baş versin. Müxalifətin istəyi budur ki, demokratik seçkilər yolu ilə xalq istədiyi insanı seçsin, o da dövləti xalqın mənafeyinə və konstitusiyasına uyğun idarə etsin. Bu gün isə Azərbaycanın belə tərzdə idarə olunduğunu deyə bilmərik".