Naxçıvanda Almaniyalı jurnalistin başına oyun açdılar

naxcivanda-almaniyali-jurnalistin-basina-oyun-acdilar
Oxunma sayı: 673

“Qafqazinfo”nun məlumatına görə, o, Naxçıvana reportaj hazırlamaq üçün iyulun 5-də gedibmiş. Azərbaycanın Xarici İşlər Nazirliyində akkreditə olunmuş qəzetçi RATİ-yə deyib ki, işini yarımçıq dayandıraraq muxtar respublikanı tərk etməsinə yerli hakimiyyətin onun işinə maneə olması, onun izlənməsi və sərbəst hərəkət etməsinin məhdudlaşdırılması olub.

Mixail Ludviqin ən azı bir həftə Naxçıvanda qalıb işləmək istəyi varmış: “Məqsədim muxtar respublikanın bütün rayonlarını gəzmək, yerli əhali ilə görüşüb onların yaşayış səviyyəsi ilə tanış olmaq, problemlərini, çətinliklərini öyrənmək, tarixi abidələri görmək və bu haqda məqalə yazmaq idi. Azərbaycan Xarici İşlər Nazirliyindən verilmiş akkreditə kartını göstərməyimə baxmayaraq Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini mənə Ali Məclisdə qeydiyyatdan keçməyin lazım olduğunu bildirdi. Halbuki buna ehtiyac yox idi. Dedi ki, qeydiyyatdan keçməsəniz, sizin üçün böyük problemlər olacaq, sizi gözləyirlər, gedin qeydiyyatdan keçin. Bundan sonra biz Ali Məclisə müraciət etdik. Amma onlar mənim burada işləməyimə icazə vermədilər”.

Xarici İşlər Nazirliyinin yerli idarəsinə müraciət ediyini, orada onu saatlarla gözləməyə məcbur etdiklərini və get-gələ saldıqlarını, Almaniyanın Azərbaycandakı səfirliyinə və işlədiyi qəzetin rəhbərliyinə bu haqda məlumat verdiyini bildirən Mixail Ludviq deyib: “Sonra məndən hərəkət planı istədilər. Bir gün sonra isə Naxçıvana gələrkən məni qarşılayan jurnalistlərlər - RATİ-nin bölgə müxbirləri Elman Abbasov, Həkimeldostu Mehdiyev, “Turan” İnformassiya Agentliyinin müxbiri Məlahət Nəsibova və İlqar Nəsibovla birlikdə hərəkət etməmək şərti qoyuldu. Xarici İşlər Nazirliyinin yerli idarəsindən mənə bir bələdçi veriləcək və onunla birlikdə hərəkət edəcəkdim. Onlar bunu mənim təhlükəsizliyim üçün etdiklərinə inandırmağa çalışırdılar. Bu həqiqətən çox gülməli idi. Mən isə yalnız kirayə elədiyim avtomobildə hərəkət edəcəyimi bildirdim. Çox mübahisədən sonra iyulun 6-da onların təklifi ilə razılaşdıq və təqdim etdiyim plan üzrə Şərur-Sədərək istiqamətində hərəkət etməyə başladıq”.

Jurnalist deyib ki, bələdçi hər an harada olduqları, kiminlə görüşdükləri haqda telefonla kiməsə məlumat verib, insanların onunla danışmasına mane olub: “İnsanlar bələdçidən qorxaraq danışmaqdan imtina etdilər. Məni əvvəlcədən təlimatlandırılmış insanlarla görüşdürməyə çalışdılar. Şərur rayonunda isə bələdçi sürücüyə mənimlə rus dilində danışmaması üçün təzyiq etdi. Mənə istiqamət verməməyi tələb etdi, avtomobili dəyişmək və onların çağıracağı avtomobillə hərəkət etməklə hədələdi. Hər bir jurnalistin qüruru var. Mən bununla razılaşa bilməzdim. Sürücüdən dərhal geri qayıtmağı xahiş etdim. İşi dayandırdığımı bildirdim”.