Nazirlər Kabinetinin “əməkdaşı” həbs olundu

nazirler-kabinetinin-emekdasi-hebs-olundu-
Oxunma sayı: 667

Azərbaycanda özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edən şəxs həbs olunub. Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Bərdə rayon sakininin özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edən Ramin Baba oğlu İmamverdiyevin qanunsuz hərəkətləri barədə “161- Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə araşdırılıb. Müəyyən edilib ki, R.İmamverdiyev aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özbaşına özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edərək Bərdə rayonu Türkmən kəndi ərazisində torpaq sahələrinin təyinatının dəyişdirilməsi adı ilə rayon sakinindən 2012-ci ilin aprelində 10.0 min 100 manat, rayonun Gərənə kəndi ərazisində isə 20.0 min ABŞ dolları müqabilində torpaq sahəsinin satılmasını təşkil edəcəyini vəd edərək may ayında həmin puldan 10.0 min ABŞ dollarını alıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində iyunun 6-da Bakı şəhəri, Q.Qarayev prospekti 59 saylı ünvanda yerləşən “McDonalds” kafesinin yaxınlığında R.İmamverdiyev əvvəlcədən razılaşdıqları pulun qalan hissəsini, yəni 8.0 min manatı Bərdə rayon sakinindən alarkən cinayət başında yaxalanıb.

Beləliklə, R.İmamverdiyev özünü vəzifəli şəxs kimi təqdim edərək ümumilikdə 25.905 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməklə vətəndaşın hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədib.

Fakta görə R.İmamverdiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

R.İmamverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla fiziki şəxsin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.