Nazirlik saxta qızılla bağlı SOS verdi

nazirlik-saxta-qizilla-bagli-sos-verdi-
Oxunma sayı: 668

Azərbaycanın Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsi ilə bağlı 2011-ci il ərzində 30 sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri keçirilib. Maliyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 40 324 ədəd zərgərlik məmulatları aşkar edilib. Həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən olunub. Nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənib, məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.

Aparılmış əyar nəzarəti tədbirləri zamanı “Moskva”, “Laçın” və “Gənclik” Ticarət Mərkəzlərində dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən, hətta qiymətsiz metallardan hazırlanmış məmulatların istehlakçılara təklif edilməsi faktlarına daha cox rast gəlinib. Belə ki, adı çəkilən Ticarət Mərkəzlərində fəaliyyət göstərən 11 sahibkara məxsus obyektlərdə aparılan yoxlamalar zamanı alıcılara təklif edilən qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının 34 %-nin əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib.

2011-ci il ərzində keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə, müvafiq olaraq 370462,0 manat məbləğində dövlət rüsumunun və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən 37900,0 manat məbləğində inzibati cərimələrin ödənilməsi təmin edilib.

Ümumilikdə, 2011-ci il ərzində Xidmətə ekspertiza, analiz, əyarlanmaq və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarına görə 1607657,0 manat dövlət rüsumunun büdcəyə ödənilməsi təmin edilib.

Keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti vətəndaşlara dövlət əyar damğası ilə damğalanmış zərgərlik məmulatlarını almağı tövsiyə edir.

Nigar Məmmədli