Nazirlikdən siqaretlə bağlı açıqlama

nazirlikden-siqaretle-bagli-aciqlama-
Oxunma sayı: 662

Azərbaycanda siqaretin qiymətinin qalxması barədə nazirliyə heç bir məlumat daxil olmayıb. Bunu “Qafqazinfo”ya açıqlamasında İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. O bildirib ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır. Süni qiymət artımı müşahidə edildikdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Qeyd edək ki, dünəndən Azərbaycanda siqaretin qiymətində bahalaşma müşahidə olunur. Həm yerli, həm də xaricdə istehsal olunmuş siqaretlər mağazalarda 10-15 qəpik baha satılır.

“Qafqazinfo”nun əməkdaşı məsələ ilə bağlı paytaxtdakı bir neçə marketdə müşahidə aparıb. Mağazaların əksəriyyətində siqaret yeni qiymətlə, bəzilərində isə köhnə qiymətlə satılır. Qiyməti qaldırmayanlar da bildiriblər ki, onlara da qiymətin artırılması ilə bağlı xəbərdarlıq edilib. Lakin hələlik onlar yeni partiya mal almadıqlarından köhnə qiymətlərlə satırlar.
Nigar Məmmədli