Nazirliyin əməkdaşı sürüşmələrin səbəblərini açıqladı- Müsahibə

nazirliyin-emekdasi-surusmelerin-sebeblerini-aciqladi-musahibe
Oxunma sayı: 682


- Son dövrlər sürüşmələrin artmasının səbəbi nədir?

- Biz aktivləşmələrin və sürüşmələrin olduğu bütün ərazilərə baxış keçirmişik. Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, sürüşmələrin əksəriyyəti təbii amillərdən, qarın, yağışın təsirindən yaranır. Qar tədricən əridikcə su laylara axıb gedir. Bu da sürüşməyə meylli yamaclarda sürüşmə kütləsini təşkil edən süxurların tam islanmasına gətirib çıxarır. Sürüşmələrin əsas səbəbi budur. Bəzi sahələrdə isə antropogen fəaliyyətin rolu böyük olub. Yəni bilavasitə insan fəaliyyətinin də təsiri var.


- İnsan fəaliyyəti nəticəsində yaranan sürüşmələr deyəndə nəyi nəzərdə tutursunuz? Yəni insanların buraxdığı hansı səhvlər sürüşməyə səbəb ola bilər?

- Sürüşməyə meylli yerlərdə texnogen yükləmələr olmamalıdır, heç olmasa həddən artıq yükləmələrə yol verilməməlidir. Yamacların geologiyası tam öyrənilmədən kəsilir, tikinti aparılır, kommunikasiya xətləri çəkilir. Sürüşməyə meylli yamaclarda kommunikasiya xətlərindən - su, kanalizasiya, istilik xətlərindən sızmalar da sürüşməyə səbəb ola bilər. Antropogen sürüşmələr də özünü göstərir. Bu hallar Əhmədli qəsəbəsində, Ağsu aşırımında, Zığ qəsəbəsində, Muğanlı-İsmayılı yolunda olan sürüşmələrdə bilavasitə özünü göstərib.


- Sürüşmələr daha çox hansı ərazilərdə müşahidə olunur?

- Yanvar-fevral aylarında sürüşmələr əsasən cənub bölgəsində - Lerik, Yardımlı, Lənkəran, Astara, Masallı zonalarında olur. Mart ayından etibarən bu sürüşmələr Şamaxı-İsmayıllı bölgəsində daha çox aktivləşir. Muğanlı sürüşməsi Ağsu aşırımında, Muğanlı-İsmayıllı yolunda, Şamaxının bir neçə kəndində daha çox müşahidə olunur. Sürüşmələr yenə də davam edir. Son günlər şimal bölgəsində - Quba, Qusar, Şabranda da sürüşmələr artıb. Bütün sürüşmələrdə əsas təkanverici amil atmosfer çöküntülərinin çox olmasıdır. Yəni qar əridikcə sürüşmələr aktivləşir.


- Yaz yağıntıları necə, sürüşmələrə səbəb ola bilərmi?

- Yağış suları sürüşmələri çox da sürətləndirə bilmir. Çünki yağış suları böyük sürətlə atmosfer çöküntüsünə düşür, yamac boyunca da axıb gedir. Qar isə tədricən əridiyinə görə çöküntülərə daxil olur.


- Dağlarda qar əriyəndən sonra yenidən sürüşmələr baş verə bilərmi?

- Sürüşmə kütləsi artıq mütəmadi sürüşməyə məruz qalmış, strukturu pozulmuş kütlədir. Temperaturun kəskin dəyişməsi həmin süxurlarda uyğun atmosferə gətirib çıxarır. Yəni nəmliyin azalması yenidən çatların artmasına səbəb olur. Yağış isə açıq çatları böyüdür və sürüşmə prosesini sürətləndirir. Təhlükəli sürüşmələr hər il martın ortalarından başlayıb aprelin 15-nə kimi davam edir. Apardığımız tədqiqatlar imkan verir deyim ki, indiki nisbi aktivləşmiş sahələrdə bu fəallıq hələ qalacaq, bəzi yerlərdə isə hətta güclənəcək.


- Təhlükəli sürüşmələr əsasən hansı bölgələrdə gözlənir?

- Azərbaycanın dağətəyi bölgələrində. Respublikamızda sürüşməyə meylli 223 zona var. Həmin zonalar üzrə hər ay nazirliyimizin monitorinqləri olur, bülletenlərimiz aidiyyəti qurumlara da verilir. Həmin bülletenlərdə göstərilir ki, bu ay nə baş verir və gələn aya nə proqnozlaşdırılır.