“Nə qədər totalitar rejimlər var, terrorizmə qalib gəlmək mümkün olmayacaq” – Reportyorlar V

ne-qeder-totalitar-rejimler-var-terrorizme-qalib-gelmek-mumkun-olmayacaq-reportyorlar-v
Oxunma sayı: 1011

“Qafqazinfo” oxucuların marağını nəzərə alaraq Azərbaycanın eks-spikeri Rəsul Quliyevin “Reportyorlar” siyasi detektiv romanın dərcini davam edir. Romanda müasir dünyada – Azərbaycanda, Rusiyada, Suriyada, Əfqanstnda baş verən hadisələr öz əksini tapıb. Təqdim etdiyimiz roman ABŞ-ın “Xilibris” nəşriyyatında “The Cost of Truth” (“Həqiqətin qiyməti”) adı ilə nəşr olunub. Roman siyasi detektiv janrında yazılıb və üç tədqiqatçı-jurnalistin peşə fəaliyyəti zamanı göstərdikləri fədakarlıqlardan, rastlaşdıqları inanılmaz olaylardan bəhs edir. Əsərin əsas qəhrəmanları olan Con - ABŞ, Piter - ABŞ (Rusiyada işləyir) , Elvar isə “Azadan” adlı ölkəni təmsil edən jurnalistlərdir. Hər üç jurnalist “Azadan” Respublikasının prezidentinə qarşı təşkil edilmiş sui-qəsdin sifarişçilərinin və icraçılarının kimliyini araşdırırlar.

Əvvəli burada

Kuetta, Pakistan…

Con – artıq “Hamlet”, Əkbərlə birgə əlaqələndiricinin tələbi ilə Pakistanın şimalında ən böyük şəhərlərdən sayılan Kuettaya uçub, “Zaver Pearl Continental” hotelində yerləşərək, xəbər gözləyirdilər. Səhərisi gün başqa birisi hoteldə onlarla görüşdü və 1 gündən sonra yola çıxacaqlarını elan etdi. Qeyd etdi ki, onunla ancaq “Amerika Qorillası” gedəcək, Əkbərin xahişinə heç məhəl də qoymayıb, ayağa durdu:

- Sabah saat 8-də, - deyib, hoteli tərk etdi.

Əkbər həmin günü Conu bu fikirdən daşınmaq üçün çox dilə tutsa da, bir şey alınmadı. O, təkrar-təkrar “bu, çox təhlükəlidir, bir neçə il bundan öncə öldürülən Amerika jurnalisti də onlarla danışmışdı, nəticəsinin nə ilə qurtardığını bilirsən, bu işi görmə” desə də, Con fikrində qətiyyətli idi. Əkbərə onu Conla getməyə qoymamaları çox şübhəli görünürdü.

Con səhər saat 8-ə beş dəqiqə qalmış, artıq aşağıda idi. Bu dəfə yenə başqa birisi ona yaxınlaşıb, köhnə “Şevrole” maşınına dəvət etdi. Arxa qapını açıb oturan Con, maşında bir başqasının da əyləşdiyini gördü. Maşın hoteldən bir qədər uzaqlaşandan sonra, yanında oturan şəxs üzr istəyib onun gözlərini dəsmalla bağladı. Con üçün bu hərəkət qeyri-adi deyildi, bir neçə dəfə gözlərini bağlayıb görüşə aparmışdılar. Onlar, təqribən, 1 saat yarım yol getdilər və maşın dayandı. Conun gözlərin açanda, o, uca hasarlı bir həyətdə olduqlarını gördü. Onu maşından düşürüb, evə apardılar. Con evə girən kimi, onu gətirənlər yox oldu. Bir dəqiqədən sonra pakistanlı paltarında bir nəfər otağa girib, onu başqa otağa dəvət etdi:

- Biz yolumuzu davam etdirməmişdən öncə, siz kiçik bir prosedurdan keçməlisiniz. Zəhmət olmasa, əyninizdəki paltarlarınızı soyunub, çarpayının üstündəki əfqan paltarlarını geyinin, narahat olmayın, tam təmizdir. Təzə paltar almadıq, çünki diqqəti cəlb edə bilərdi, - dedi.

Con paltarlarını dəyişən kimi, kimsə içəri girib onun geyimini və ayaqqabısını götürüb, çıxdı. Yarım saatdan sonra, başqası əlində cihazla içəri daxil olub, yenə ingilis dilində:

- Bağışlayın, biz sizi gərək yoxlayaq, - söylədi və əlindəki cihazla onu təpədən dırnağa qədər yoxladı, bütün bədənində 20 dəqiqədən çox gəzdirdi, sonra heç nə söyləmədən otağı tərk etdi. Bir yarım saat da keçdi, sonra onu birinci qarşılayan yenidən içəri girdi və bir daha üzr istəyib, bu proseduranın vacib olduğunu qeyd etdi:

- İndi sizə yemək gətirəcəklər, çörəyinizi yeyin, sonra istirahət edin, biz hələ bir müddət burada olacağıq.

Artıq hava qaralmışdı. Harada olduqlarını bilməyən Con fikirləşirdi ki, hər halda, haradasa şəhərə yaxın yerdədilər, bəlkə də lap şəhərin içindədilər, çünki belə hündür hasarlı evlər şəhərdə nə qədər istəyirsən, var. O, neçə saat keçdiyini bilmirdi, ancaq ötən müddətin 8-9 saatdan az olmadığı qənaətindəydi. Artıq bu gün getməklərinə ümidini itirmişdi. Elə bu vaxt içəri girib ona yaxınlaşdılar, gözlərini təzdən bağlayıb həyətə çıxardılar, maşına otuzdurdular. Maşın tərpəndi. Con bu evin şəhərdə olduğunu düşündü: “Əgər gözlərimi həyətdə bağlamadılarsa, deməli, ətrafda şəhərin işıqları görsənir”.

Onlar yenə 2 saata qədər getdilər, aradabir, maşın dayandı, onlar puştun dilində kiməsə nəsə dedilər və yollarına davam etdilər. Bir müddətdən sonra, maşın yenidən dayandı. Conu maşından çıxarıb, deyəsən, qatıra minməsinə kömək etdilər. Çünki bu heyvan eşşəkdən hündür, atdan isə balaca idi. Yarım saat, elə bil, dağdan dərəyə tərəf düşürdülər. Qatırın ayaqlarını qoymaq tərzindən və özünün də qabağa sürüşməsindən Con hiss edirdi ki, üzüaşağı gedirlər. Sonra yenidən dayandılar, düşməyinə kömək edib, qoluna girdilər və daha on dəqiqə də piyada getdilər. Bu dəfə dayananda, gözlərini açdılar. Yarıqaranlıq bir yerə çatmışdılar. Bir neçə kerosin lampası otağın divarlarını zorla işıqlandırırdı. Qarşısında ağ saqqalı, ənənəvi əfqan papağında tanımadığı şəxs durmuşdu. O, qollarını açıb, “Amerika Qorillası, xoş gəlmisən”- deyəndə, Con qarşısındakının Zubari olduğunu anladı. O, çox dəyişmişdi, demək olar ki, tanınmaz olmuşdu, yeganə parıldayan gülümsər gözləri dəyişməmişdi. Con, həqiqətən, onu görməyinə çox şad oldu:

- Salam, əfqan partizanı, - dedi və qucaqlaşdılar.

Zubari:

- Əvvəl, əl-üzünü yu, çörək yeyək, sonra söhbətləşərik, - dedi.

Con ilk olaraq, soruşdu:

- Sən mənə bir şeydə aydınlıq gətir. Bura gətirilməmişdən qabaq, cihazla bütün bədənimi yoxladılar. Bu, normal bir şeydir, mənə maraqlı görsəndi ki, niyə 20 dəqiqədən çox?

Zubari:

- Bilirsən, bizdə sizin MKİ barədə xeyli mif yaranıb. Bilirik ki, onlar insanların bədənlərində mayak gizlədə bilir və adamın harada olduğu bir neçə metr dəqiqliklə müəyyənləşdirirlər. Bizdə belə məlumat var ki, onlar mayaklarını istənilən təhlükəli yerlərə özünü soxan sənin kimi adamların bədəninə özünün xəbərin olmadan da yerləşdirə bilirlər. Məsələn, yüngül zəhərlənmədən xəstəxanaya düşməyini təşkil edib, orada bu işi görürlər. İxtira edilmiş yeni mayaklar əsasən, plastik materiallardan olduğu üçün adi cihazlarla onu tapmaq mümkün olmur. Ona görə, yoxlama uzun çəkir.

Conla Zubarinin söhbəti 4 saatdan çox çəkdi. Söhbətin əvvəlində Con onunla görüşməkdə məqsədinin nə olduğunu təfsilatı ilə açıqladı. Şübhələndiyi adamların şəkillərinin onun adamlarının götürdüklərini dedi:

- Ancaq mən xahiş etmişdim ki, şəkillər səninlə söhbət edəndə lazım olacaq, bilmirəm, özləri ilə götürüblər, ya yox.

Zubari alçaqdan kimisə çağırdı, adam o dəqiqə peyda olub, ondan tapşırıq aldı və 1 dəqiqədən sonra şəkillərlə geri döndü. Zubari şəkillərə baxıb gülümsədi:

- Bu adamlar Əfqanistanda olsalar belə, onları ala bilməzsiniz, bunu bilirsən. Biz bilə-bilə ki, Ben Ladeni verməsək, Amerika ölkəmizi işğal edəcək, bizim hökuməti yıxacaq - yenə onu sizə vermədik. Əfqanlar üçün tüpürdüyünü yalamaq, verdiyin sözə əməl etməmək ölümdən daha ağırdır. Əgər bu dediyin adamlar bizim torpaqlardadırlarsa və himayəmiz altındadırlarsa, elə də qalacaqlar, baxmayaraq ki, biz dostuq və vaxtilə sən əfqanlara kömək etmisən.

Con:

- Mənə onlar yox, sifarişçilərin kimliyini bilmək lazımdır.

Zubari:

- Düşünmürəm ki, cinayətin mənbəyində dayanan əsl sifarişçilər birbaşa bu adamlarla əlaqə saxlayıblar.

Con:
- Bizim fikrimizcə, killer ya Kəburi, ya da Cabbardır. Ancaq bizdə olan məlumata görə, yerdə qalanlardan azı 3-ü bu əməlliyyatın təşkilində iştirak ediblər. Əsas sifarişçini özüm tapacağam, mənə heç olmasa, ortada dayanan sifarişçi lazımdır.
- Yaxşı, başa düşdüm, - deyən Zubari bayaqkı adama tapşırıq verdi. 5 dəqiqədən sonra başqa biri otağa daxil olub, başını əyməklə salamlaşdı və Zubarinin qarşısında əmrə müntəzir dayandı. Zubari əfqan dilində ona tapşırıqlar verdi. Diqqətlə dinləyən bir neçə dəfə onun sözünü kəsib, əlavə suallar verdi. Nəhayət, 20 dəqiqə çəkən bu söhbət qurtardı, gələn adam şəkilləri Zubaridən alıb, yenidən əllərini sinəsində çarpazlayıb, başını əydi və otağı tərk etdi.

Con:
- Vaxt necə də tez keçir… 1988-ci ildə biz ikimiz də cavan oğlanlar idik, sən hələ saqqal da saxlamırdın onda. Tez-tez o vaxtları xatırlayıram, hər şey, elə bil, dünən baş verib. Mən ondan sonra bir çox təhlükəli yerlərdə olmuşam, ancaq Əfqanıstandakı romantik günləri heç vaxt heç yerdə görə bilməmişəm. Zaman insan həyatının ən böyük filosofudur. Ancaq mənim üçün bir şey dəyişilməyib - haqsızlıqla barışa bilmirəm. 1988-ci ildə sən demokratik ideyalarla yaşayan bir şəxs idin. Sənin kimilərin Əfqanıstanı sivil bir ölkəyə çevriəcəklərinə çox inanırdım, əks proseslər baş verdi. Niyə?

Zubari:
- Bilirsən, Con, siz amerikalılar və o cümlədən avropalılar əfqan mentalitetini başa düşə bilməyəcəksiniz. Siz özünüzün qəbul etdiyiniz qaydalarla bizi yaşamağa məcbur edirsiniz. Əfqanlar bunu istəməyəndə, terrorçu damğası yapışdırırsınız. Nədir demokratiya - insanların çoxunun öz istədikləri kimi yaşamalarına şərait yaratmaq? Əfqanıstandakı çoxluq sizin dediyiniz klassik demokratiyanı qəbul etmir. Onlar seçkilərsiz öz kəndlərindən, öz nəsillərindən, öz məhəllələrindən ağsaqqal seçirlər və sonradan da onun verdiyi məsləhətlərə qulaq asırlar. Bir problemləri olanda, həmin ağsaqqallara müraciət edirlər, onlar da bu problemin həllinə kömək göstərirlər. Biz min illərdir belə yaşamışıq, belə yaşamağı da davam etdirmək istəyirik. Taliban hərəkatını “İslam terrorizmi” adlandırırsınız. Baxaq, görək sizin dediyiniz kimi, hüquqları əlindən alınmış bu xalq da elə düşünürmü? Yox. Belə düşünsəydi, “Taliban” indi bir hərəkat kimi yaşaya bilərdimi? Amerika onu çoxdan darmadağın etmişdi. Çünki əfqanların, azı, 70 faizi “taliban”çılardır. Siz necə bu hərəkatı ləğv edə bilərsiniz? Onun üçün bütün əfqanları qırmalısınız. Xalqın dəstəyi olmadan, məgər, bu qədər geniş şəbəkəli hərəkat yaratmaq mümkündürmü? Liderlərin başlarına milyonlarla girovlar qoymusunuz, indiyə qədər neçə lideri verəcəyiniz bu miliyonlara görə, sizin hərbiçilərə veriblər? Heç kimi! Lap kimlərisə öldürsəniz belə, bu xalq hərəkatını söndürə bilərsinizmi? Əfqanıstan fərqlidir, burada min illərdir camaat köçəri həyat keçirir. İldə bir neçə dəfə yerindən-yurdundan aralanıb, başqa yerlərdə çadırlar qurur, məskən salırlar. Siz ona deyirsiniz ki, belə yaşamaq olmaz. Anlamırsınız ki, onun xoşbəxtliyi belə yaşamağındadır. Nə istəyirsiniz bu millətdən…?

Con ona diqqətlə qulaq asırdı. Zubari bilirdi ki, Conda onun fəlsəfəsini darmadağın edə biləcək arqumentlər var və onlardan istifadə edəcək, ancaq hələ ki, aparıcılıq onda idi.

- …Bizi “islam fundamentalisti” adlandırırsınız. Doğrudanmı, sən fikirləşirsən ki, mən - sənin dostun Molla Zubari, “Quran” barədə yəhudilər kimi, “heç bir elmi oxumaq lazım deyil, bütün elmlər “Tövrat”da yazılıb, bir o kitab öyrənilsə kifayətdir” - düşünürəm? Yox, sadəcə olaraq, sitatlarımı “Quran”dan seçməklə, fikirlərimi xalqın beyninə daha asanlıqla yeridirəm. Xalqın inamından onu xeyrinə, düzgün olmasa da, istifadə etmək yaxşı işdir. İşğaldan əvvəl, “Taliban” Əfqanıstan üzərə ağsaqallardan ibarət şura topladı, orada qərar qəbul edildi ki, Əfqanıstanda opium istehsalı dayandırılmalıdır. Ağsaqqalların qərarı əfqanlar üçün qanundur, onu yerinə yetirməmək olmaz. Bir ildə narkotik istehsalı ildə 4000 tondan 185 tona düşdü. O 185 ton da “Taliban”ın nəzarətində olmayan Şimal alyansının ərazisində istehsal olundu. İndi Amerikanın qadağası altında narkota istehsalı ildə 8 min tona çatıb! Əfqanlar özü dünyada ən az opium qəbul edən millətlərdəndir. Klassik Avropa demokratiyasının Çində işləmədiyini bilməyə nə var ki? Ərəblər neçə on illərdir sizə Avropa demokratiyasını qəbul etməyəcəklərinin sübut edə bilmirlər. Hər xalqın özünün qəbul etdiyi yaşayış normaları var, siz zorla onu başqa cür yaşamağa məcbur etməklə o xalqlara ancaq bədbəxtlik gətirirsiniz…

Con, nəhayət, danışmağa başladı:

- Zubari, qardaşım, mən düşünmürəm ki, sən özünün dediklərinə inanırsan. Sənin indi söylədiklərini bütün totalitar rejimlərin liderləri bu və ya başqa formada deyirlər. Dünyada terrorizmin yaradıcıları totalitar rejimlərdir. Ələ keçirdiyi hakimiyyəti saxlamaq məqsədiylə ölkənin daxilindəki, azı, 80 faiz narazı kütlənin statik dağıdıcı gücünü başqa yerə yönəltmək üçün “Amerika və Avropa bizi istismar edir, var-dövlətimizi əlimizdən alır” ideologiyası müvəffəgiyyətlə istifadə edilir. Bu ideologiya İslamın kafirlərə qarşı cihadı ideyası ilə vəhdətdə fundamental dağıdıcı qüvvəyə çevrilir. Sən deyirsən, “əfqanlar belə yaşamaq istəyirlər”, mən isə deyirəm ki, yox, siz onları belə yaşamağa məcbur edirsiniz. Narkotik maddə istehsalını aşağı salmağınız da, rus bolşeviklərinin “troyka”sı zamanındakı kimi, minlərlə adamın məhkəməsiz güllələnməsi hesabına olmuşdu. Bu hal müvəqqətidir və yenidən inkişaf edəcək. İndi də adamları Taliban hərəkatına pul verməyə məcbur edirsiniz, onlar narkotik maddə istehsalından başqa, haradan tapacaqlar pulu? Siz televiziyanı qadağan etmişdiniz, nə oldu? İndi əfqanlar məmuniyyətlə telekanallara baxırlar… Yox, qardaş, dünyanın ən qədim xalqlarından biri olan əfqanlara azadlıq vermək lazımdır, lap özü istəməsə belə. Qərb sivilizasiyası yaxşı bilir ki, terrorizmi totalitar rejimlər yaradır. Onlar yaxşı bilirlər ki, nə qədər totalitar rejimlər mövcuddur, terrorizmə qalib gəlmək mümkün olmayacaq. Ona görə, Qərblə bu rejimlərin müharibəsi dayanmayacaq. ABŞ Əfqanıstanda minimal demokratiya yaratmayanacan, bu ölkəni tərk etməyəcək, inan mənə. Çindəki totalitar rejim fərqlidir. Birincisi, iqtisadiyyat sferasında onlar demokratikləşmə prinsiplərini həyata keçiriblər, bu, çox vacib məsələdir. İkincisi, şəhər merləri səviyyəsində seçkilərdə bitərəf namizədlər iştirak edə bilərlər. Bu gün merlərin 20 faizi bitərəflərdir. Üçüncüsü və ən vacibi, rusların kommunist rejimindən fərqli olaraq, Çində qanunlar hamıya eyni dərəcədə şamil edilir. Rusiyada partiya rəhbərliyi elit sayılırdı, onlar qanundan üstün tutulurdular…

Zubari:
- Biz öz bildiyimiz qaydada sistemimizi təkmilləşdirəcək, Qərb yox, Şərq demokratiyası yaradacaqdıq və orada mənəviyyat ali ideologiya olacaqdı - imkan vermədiniz…

Con:
- Əmin ol ki, İraqdakı kimi, sizin hərəkat da get-gedə zəifləyəcək. Növbəti seçkilərinizdə yeni kursun tərəfdarları daha da artacaq. Əgər Həmid Kərzayi korrupsiya və rüşvətə qurşanmasaydı, bu proses daha tez gedərdi. Bax, İslam dinli İndoneziyada nələr baş verir? Demokratiya inkişaf etdikcə, terrorizm aradan çıxır. Bu gün əsas terrorçu yetirən ölkə Əfqanıstan deyil, bunu hamı bilir, Səudiyyədir, Misirdir, Yəməndir, Sudandır. Çünki bu ölkələrdə insanların hüquqları, demək olar ki, yoxdur. Yaxşı olardı ki, “Taliban” silahı yerə qoyub, seçki yolu ilə hakimiyyətə gəlməyə cəhd edərdi.

Zubari:
- Sizin hökumətiniz elə bunu gözləyir ki, hamını tutub dama salsın, Karzayilər də bizi mühakimə etsinlər.

Con kifayət qədər ağıllı Zubarinin terrorizmə dəstək verməsinə heç vaxt inanmazdı. Əksinə, düşünürdü ki, onun kimi əfqanlar ölkəni daha tez düşdüyü böhrandan çıxarda bilərlər, nəinki öz klanına qulluq edən Kərzayi kimi siyasətçilər.

Zubari gülə-gülə dedi:
- Bəs, sən qorxmursan, dediyin bu sözlərə görə, sənin başını kəsərlər?

Con da güldü:
- Xoşbəxtlikdən, cəmi bir dəfə kəsə bilərsiniz, ümid edirəm ki, dostluğumuza görə, bıçaq iti olar.

Conla Zubari 1 gündən sonra emosional pessimist tonda ayrıldılar. Ayrılarkən Zubari dedi:
- Bilirsən, Con, insanın həyatında elə bir zaman nöqtəsi var ki, ondan sonra o, gələcək həyatında qlobal dəyişiklik etmək qabiliyyətini itirir. Bunu yerə düşən təyyarəylə müqayisə etmək olar: müəyyən hündürlükdən sonra, o, yenidən göyə qalxmaq şansını itirir, təyyarəçi vəziyyəti dəyişmək üçün ən minimal imkanlı adama çevrilir. Çox ehtimal ki, bu, bizim axrıncı görüşümüzdür. Ancaq Frank Sinatronun “My Vey” mahnısında deyildiyi kimi, həyatımda çox qəribə hadisələr, kobud səhvlər də olub, ancaq peşiman deyiləm, çünki bu, mənim yolumdur… Sən də özünü gözlə, çox təhlükəli bir oyunun içindəsən. Bu oyunda ya ölməlisən, ya da öldürməlisən - başqa variant yoxdur. Artıq səndə olan informasiya kifayətdir ki, geri çəkilsən belə, ən təhlükəli adam olaraq qalacaqsan.

Con:
- Mən Əfqanıstanın gələcəyinə inanıram. Ən böyük arzum bu gələcəyin yaranmasında sənin aktiv rol oynadığını görməkdir. Düşünmürəm ki, sən daha heç bir şeyi dəyişmək şansını itirmiş nöqtəyə çatmısan. Köməyinə görə, çox sağ ol.

Sonra Con zarafata keçdi, - Daha bir də görüşməyəcəyik deyəndə, mənim buradan sağ-salamat dönə bilməyəcəyimə işarə edirsən?

Zubari güldü:
- Sizin sevimli pilotsuz təyyarələrinizin hucumundan başqa, qalan hər şeyə təminat verirəm. Əfqan gördün - qorxma, ancaq pilotsuz Amerika təyyarəsi görsən - canını xilas etməyə çalış.

Hər ikisi bərkdən güldü. Qucaqlaşıb, ayrıldılar.

***

İki gündən sonra gəldiyi qaydada da geri dönən Con Əkbərlə İslamabada qayıtdı və həmin gün də birbaşa reyslə Nyu-Yorka uçdu. Zubari ona kömək etmişdi. Artıq o, qayıtdığı vaxt ərzində təyyarədə Elvarın, Sergeyin yazdıqlarına Zubarinin informasiyasını da əlavə edib, dərin analiz aparmışdı. İndi o, 90 faiz sifarişçilərin kimlər olduğunu bilirdi. Ancaq bunu sübut etmək üçün əlində heç bir dəlili yox idi. Zubari killerin Kaburi olduğunu təsdiqləmi., onun hazırda harada gizləndiyini isə bilmədiklərini qeyd etmişdi. Üstəlik, bildirmişdi ki, Kaburi lap tapılsa belə, Conda olan şəkildəkilərdən birinin adını çəkə bilər, çünki yalnız onlarin killerlə əlaqəsi olub: “Bu adamları biz heç vaxt sizə vermərik. Ancaq killerə tapşırığı və pulu verənlər də əsas sifarişçiləri tanımır. Onunla danışıqları avropalı biri Madriddə aparıb. Ancaq danışıq aparanın İspaniyadan yox, daha çox şimal ölkələrindən birindən olduğu güman edilir”.

Zubari Conla çoxdan görüşmədiyini, bu səbəbdən də ona qiymətli bir hədiyyə etmək istədiyini söyləyərək, Cona çox mühüm məlumatlar vermişdi: “Mənim öz kanallarımla öyrəndiklərimə görə, Azadanın indiki Prezidenti, keçmiş Polis naziri və Gömrük naziri bu cinayətin iştirakçısı və sifarişçilərindəndir. Ancaq onlara cinayətkar olduqlarını necə sübut edəcəksiniz, bilmirəm. Əfqanıstan olsaydı, problem yox idi – “qana qan” prinsipi ilə onları cəzalandırardılar. Mən sənə dəqiqliyi ilə deyirəm ki, onlar killerə Azadana gəlməsində, əvvəlcədən Prezidentin marşrutunu bilməsində və vaxtında ölkəni tərk etməsində şərait yaradıblar. Sizin o killeri tapmağınız müşkül məsələdir. Bu işi görmək üçün onun aldığı pul imkan verir ki, 5-10 il Avstraliyanın və ya Yeni - Zelandiyanın adalarında itib-batsın. Tapsanız belə, ondan bir şey öyrənə bilməzsiniz. O səviyyədə olan killerlərdən heç bir şey qopartmaq mümkün deyil”.

…Elvar Azadanda, azı, 15 adamın sifarişçi olmasından şübhələnirdi. Onların arasında Zubarinin dediyi vəzifəlilər də var idi. Məsələ onda idi ki, o, zəhləsi getdiyi bütün şəxsləri bu siyahıya salmışdı. Nyu-Yorkdakı hoteldən o, ilk növbədə Piter və Elvara bildirdi ki, görüşmək lazımdır. Məlum səbəbdən, “Görüşün Amerikada olması məqsədəuyğun olardı” da qeyd etdi. Piter üçün ayrı bir mətn də göndərdi: “Piter, dostlarının köməyi ilə Azadanın keçmiş Polis nazirindən Prezidentə sui-qəsdin təşkilinin kimlərin vasitəsi ilə edildiyini öyrənə bilsən, məqsədimizə çatmağa cəmi bir addım qalar”.

“İmeyl”i oxuyan Piter Conun Azadanda olan çeçenlərin əli ilə bu işi görməyə işarə vurduğunu, sözsüz ki, başa düşürdü. 1 saata artıq hər ikisi 15 gündən sonra Conun dediyi istənilən yerdə görüşməyə razı olduqlarını bildirmişdilər. Piter ayrıca “Sən məndən banditlərin metodları ilə işləməyi xahiş edirsən, ayıb olsun” yazmışdı.

Con bilirdi ki, Piter deyinib-deyinib, nə isə bir iş görəcək…

Əvvəli burada