Necəsən, Nitsşe?

necesen-nitsse
Oxunma sayı: 695

Hərdən düşünürəm ki, ən müqəddəs rəqəm ikidir. Bir ruh + bir bədən, bir sən+bir mən, bir ata + bir ana, bir sağ + bir sol, bir əvvəl + bir son bərabərdi iki...

Bir rəqəmi də gözəldir: bir ata, bir ana, bir ölüm, bir doğuluş. Birin müqəddəsliyini pozan bir şey var, o da sən, yəni özün. Çünki bir daxilində sənin təkliyin yoxdur, sən həmişə özünləsən, yəni bir + bir = iki. İnsan tək qalmır, özü-özüylə qalır. Ona görə də digər şəxslərə sən yox, o sözüylə müraciət edirsən. Ətrafındakılar hamısı “O” dur. Yeddi rəng var deyə yeddini müqəddəs saymayın, çalışın sizin də öz müqəddəsləriniz olsun.

Dünya bir qədər çevrəyə bənzəyir, burada əvvəl həm də son deməkdir. Burada öndəkilər bəzən sonda da ola bilərlər. Xətt kimi daha çox perpendikulyardı dünya, burada bərabərlik, yəni paralellər ola bilməz, çünki, pul var. O da kağızlara parçalayıb bərabərliyi.

Avtobus dayanacağında fikrə dalıb gözləyən qız avtobusu gözləmir, sadəcə avtobus hər gün gəlib onu işə, getmək istəmədiyi yerə aparır. Onu fikirləşdiyi yerə bircə fikri apara bilər, fikrinsə dayanacağını tapa bilmir. Fikir əlverişli nəqliyyat deyil, heç kimi mənzil başına çatdıra bilmir.

Rayonumuz çox isti olur Nitsşe, saat 12:00 dən axşamüstü 18:00 dək canını sevənlər küçəyə çıxmırlar, dincəlirlər. Hə bizlərdə yay tətilində məhz belə dincəlir kasıb qadınlar və kişilər. Başında zəmbil daşıyan xalanın beynində zəmbilin izi qalır, qarnındasa heç nə. Deməli, bütün əziyyətlərin sonu heçdir.

Qeybdən gələn səsim: Necəsən Nitsşe, həyat dözülməzdir?

Nitsşe: “Deyirsiniz “həyat dözülməzdir”. Onda sizin gündüzki qürurunuz axşamkı itaətiniz nəyə gərəkdir?”

Qeybdən gələn səsim: Heç nəyə.

Bağışla Nitsşe, sualına geniş cavab verə bilmirəm, çünki, burda cavabı ancaq “atalar” verə bilərlər. Atalarsa üçdən deyib. İş tapmayan dostlarım evdə ona görə də, iki söz də deyə bilmirlər.

Ata: İş tapdın, oğul?

Oğul: Yox...

Axtalanmış qoyun ətinin bəlasına keçir, insan dilinin. Deməli, Allah bəlaları bədənimizə yerləşdirib.

Qeybdən gələn səsim : Nitsşe, bizim axrımız necə olacaq?

Nitsşe: “Amma rastlaşacağınız ən qəvi düşmən həmişə sən özün olacaqsan, keçdiyin meşələrdən hər dəlmə-deşikdə özün öz pusquna düşəcəksən”.

Nitsşe, özünü öldürən adam deməli özündən öz günahlarının qisasını alır, Allah bizə ayaq verib, ayaqsa ardımızca qaçır, deməli biz heç zaman özümüzdən qurtula bilmirik.

Görəsən biz bu qədər ağrılara hələ nə qədər dözəcəyik, Nitsşe?

– “Həyat dözülməzdir, özünüzü nərmə-nazik göstərməyin siz də. Biz hamımız qəşəng yük eşşəkləriyik”.

Qeybdən gələn səsim: Daha sus Nitsşe! Burda atalar üçdən deyib. Sən də üç dəfə danışdın. Artıq söz dəyənəktək baş yarar.

Bir şah olur, sonra həmin şahın yerinə digər padşah gəlir, sonra digəri. Bir gün növbəti şah ölür. Daha heç vaxt şah yaranmır. Bu nağılı nəvələrinizə, balalarınıza danışın. Çünki, bu nağıl heç vaxt olmayıb və heç vaxt olmayacaq. Nağılları bizim tək kasıb bəndələr yazıb, amma, hər şey şahların haqqındadır.

Çox istəyərdim ki, yazıçılar toyu günü ayna qarşısında fırlanan qızın keçirdiyi hisləri yazsınlar, amma, aynanın dilindən. Qayıqlar haqqında əsər yazılsın, amma, dənizn dilindən. Arı pətəyinə çöp soxan uşağın qərəzini bilmək lazımdır.

Üzünü ovcuna qoyub ağlayan qızın dərdi ona görə azalmır ki, göz yaşları yenidən öz bədəninə, əllərinə hopur. Bakıya hamı şeir yazır, amma, Bakının yazdığı şeirin əlifbasını bircə bomuj bilir. O da oxumaq istəmir alın yazısını. Hər səhər saat altıda oyanan dostum sevgilisi qədər yuxuya həsrətdi. Yazıçılar bilirsinizmi bomujlar haqqında niyə yaxşı əsər yaza bilmirlər? Çünki, küçədə yatmayıblar? Bomujlar onlarçün Van Qoqun əsərləri kimi anlaşılmazdır. Bomujlar onlarçün portretdir. Şəkilə baxılıb yazılan şeir və əsərlərdə ruh yox, ən yaxşı halda uğurlu təsvir ola bilər.

Buralarda metroda oturmaq üçün xanım olmalısan. Şikəst, yaxud da, ağ saqqal yox. Bu prinsip digər sahələrə də sirayət edir. Xanım sözünə baxın: XAN-I-M. Yaxşı yerdə oturmaq üçün Xan, sənə yer verilməsi üçün kiminsə Xan-I, yaxud da, kiməsə Xan–I–M olmalısan...

Buralardakı təmizliyi, bircə adını bilmədiyim qoca düzgün ifadə eləyir. O da, sözlə yox, hərəkətlə. Hər gün eynəyini tüpürüb silir.

Buralarda hamı evinin mərtəbəsi boydadı. Birincilər daha balacadırlar. Sonuncular ən böyük.

İnsanın taleyi alnına yazılıbsa, falçılar niyə ovcumuza baxırlar, Nitsşe?

– .................................................................................

Anası ölmüş qız saçlarını, anası ölmüş oğul cırıq və boş cibindən qıçının tüklərini yolurdu. Həyat ölümün əvvəlidir, ölüm həyatın sonu? Bəs bizim yaşamağımız yaşamaqdımı? Bizim ölümümüzün əvvəli hanı?

Doqquz iqlimi olan ölkədə havam çatmır, desəm yəqin inanmazsınız. Amma, bütün inanclara and olsun ki, bəzən belə olur.

Bu şəhərdə şeir yazmayanlar da misra-misra ölür. Biz şairlərsə heca-heca.. Biz şair xalqıq axı.

Bizim yaş dövrlərimiz də şərtidir. Biz uşaq, yeniyetmə, gənc, qoca olmuruq. Biz, pulumuz olanda şən uşaq, olmayanda atılmış qocalar kimi oluruq. Gənclik, yeniyetməlik bizə görə deyil..

Nə isə, Nitsşe. Sən bir qədər bığlarını sığalla, mən saçımı... amma, başqalarının əvəzinə.

– ...oldu.