“Nəfəsə son” - Qurbanlar III

nefese-son-qurbanlar-iii
Oxunma sayı: 668

Bütün dünya sön illər xərçəng xəstəliyinin yayılma sürətindən təşvişə düşüb, SOS (yadıma hamının maraqla baxdığı və anlamağa çalışdığı metroda quraşdırılan SOS löhvələri düşdü) vəziyyətindədir. Bizdə isə bu barədə statistika və ya ətraflı vəziyyət barədə bir nəfər belə danışmır. Çox arzulayardım ki, bir gün ən azı hörmətli onkoloqumuz, MM-in deputatı, akademik Əhliman Əmiraslanov çıxıb haradasa bu barədə hesabatıyla bizi sevindirsin.

Allah heç kəsin yolunu Milli Onkologiya Mərkəzindən salmasın. Burada heç bir ticarət mərkəzində olmayan insan qaynayır. Kimi əlində laboratoriya analizlərinin cavabını kədərlə vərəqləyir, kimi yaradanına şükür edir, kimi də camaatı yara-yara təcili bu tibb müəssisəsini tərk etməyə çalışır. Kimi də deyinir, özü-özünə şikayət edir.

Yanvarın 6-da ölümünün bir ili qeyd olunan Pənah Ağayev (51yaş) də vaxtiylə Milli Onkologiya Mərkəzinin xəstəsi olub. Mərhuma ölümündən 3 ay əvvəl burada ağciyər xərçəngi diaqnozu qoyulub. Əslində Pənah Ağayev (İsmayıllı rayon sakini idi, ümumiyyətlə son zamanlar bu rayonda ölənlərin çoxu bədxassəli şiş səbəbindən dünyasını dəyişir. Buna səbəb kimi qonşu rayonda fəaliyyətdə olan Qəbələ RLS-nin da təsiri də göstərilir) bu diaqnozu tam almaq üçün dəfələrlə müayinə edilib. Müxtəlif tibbi rəylər arasında diaqnoz da başqa-başqa olub. Mütəxəssislərin fikrincə, ağciyər xərçənginin müayinəsi uzun vaxt aparan, həm də çətin başa gələndir. Bu xəstəlik daha çox siqaretdən istifadə, çirkli, tozlu havada olan zaman meydana gəlir. Tez-tez tənəffüs yollarında əmələ gələn xəstəliklər ucbatından da xəstəliyə yaxalanmaq mümkün hesab olunur.

Pənah Ağayev də xəstəliklə mübarizə aparmaq üçün adı çəkilən mərkəzin həkimi Lyudmila Babayevanın nəzarətinə götürülür. Yaxınlarının israrı ilə (həkimə inamsızlıq –bu da yalnız mənim şişirtməm, kəşfim deyil ki), xəstənin vəziyyəti ilə bağlı başqa özəl klinikalarda da bir neçə həkimlə görüşülür. Onların yekun rəyinə görə, P. Ağayevə o zamankı vəziyyətinə görə, kimyaterapiya (xərçəng hüceyrələrini dərmanlarla öldürən tibbi prosedur) təyin etmək doğru deyilmiş. Amma Milli Onkologiya Mərkəzinin həkimi Lyudmila. Babayeva bu məsuliyyəti öz üzərinə götürür. Elə tətbiq edilən ilk uğursuz kimyaterapiyadan sonra xəstə bir-neçə gündən sonra artıq xəstə qan qusmağa başlayıb, təcili xəstəxanaya gətirilsə də, öz həkimi tapılmayıb. Onu soraq alanda, həkimin yeni il münasibətiylə artıq qonşu ölkələrdən birində səyahətdə olduğu bildirilib. Hətta mobil telefonuna belə cavab verməyən həkimin olmaması ucbatından xəstənin vəziyyəti getdikcə pisləşib. Bir daha mütəxəssis rəyi arzulayanların diqqətinə çatdırım ki, ilk kimyaterapiyaya məruz qalmış xəstələrin vəziyyəti daha çıx nəzarətdə saxlanılmalıdır. Fərdi orqanizmin terapiyaya cavabı yoxlanılmalıdır, çünki onsuzda kimyaterapiyanın (21-28 gündən bir təyin olunur) arzulanmayan tərəfləri var(saçın tökülməsi, halsızlıq, iştahasızlıq.....), bunlar arasında qanitirmə də ola bilər. Elə mərhum xəstənin vəziyyətində də analoji hal olub. Onun qanın müayinəsi nəzarətdən kənarda qaldığından doğmaları onun rənginin ağardığını, davamlı qan qusduğunu deyirlər. Bu vəziyyətdə olan pasiyent xəstəxanaya gətirilsə də, ona bir neçə iynə vurmaqla kifayətlənib. Halbuki bu təqdirdə onun palata şəraitində saxlanılması vacib imiş. Evə qaytarılan xəstə növbəti gün doğmalarının israrı ilə yenidən tibb müəssisəsinə gətirilir.

Gecə vəziyyəti pisləşən xəstəyə isə yaxın duran olmayıb və artıq öskürməyə belə taqəti çatmayan pasiyent elə qanitirmə nəticəsində dünyasını dəyişib. Mərhumun qızı Şəlalənin sözlərinə görə, atasının vəziyyəti ilə bağlı, ölümü ilə belə həkim Lyudmila Babayeva bir dəfə də maraqlanmayıb. Uğursuz kimyaterapiyasının güdazına gedən xəstə axı kimin nəyinə lazımdı. Həkimlə görüşdə, onun xəstəyə nə üçün kimyaterapiya təyin etdiyini soruşanda da, o soyuqqanlıqla pasiyentin vəziyyətinin pis olduğunu, onsuzda onun öləcəyini dedi. Lyudmila Babayevanın sözlərinə görə, xəstəsinin vəziyyəti pisləşən zaman o məzuniyyətdə olsa da, gərək əlavə qan vurulmasa belə, qanının dayanması üçün ona müdaxilə olunardı. Pasiyentinin taleyi ilə maraqlanmayan xanım həkim nədənsə, yalnız kimyaterapiyanı etməklə (qiyməti 500-dən-300-ə düşən terapiyanın sonu belə də olmalıydı) işinin bitiyini hesab edir, xəstə çox olduğundan hər kəslə maraqlanmağa vaxtı olmadığını bildirir.

Maraq üçün, Onkolgiya mərkəzində qısa müşahidə aparanda, xəstələrin qaragünü ilə zarafat edən (əlbəttə ki, bu hamıya şamil edilmir) tibb bacılarının, həkimlərin soyuqluğu, xəstə psixologiyasını nəzərə almadan kobudluq halları çirkin mənzərə yaradır. Kimyaterapiyanı qazanc növünə çevirmək, əməliyyatdan qabaqkı pul söhbətləri adamda ikrah hissi yaradır. Hələ özünü mütəxəssis hesab etməyən, mərkəzin baş həkiminin mobil telefonla söhbətindən sitat isə vəziyyətin nə yerdə olduğundan xəbər verir: “Narahat olmayın, rayondan gələnləri geri qaytaracam, xəstə qıtlığınız olmayacaq”.

Var, elə yaxşı həkimlərimiz var, canlara dəyən amma hər kəs də bu şansı yaxalamır, ömrünü uzadan insaflı həkimi tapana qədər də artıq o dünyalıq olur. Əslində, hamı öləcək, amma bu ölümü bir az da tezləşdirməyin cəzası nədir, bax onu siz deyin.

Raminə Eyvazqızı