“Neftçi” biabır oldu

neftci-biabir-oldu
Oxunma sayı: 649

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk görüşdə "Neftçi"nin gənc futbolçulardan ibarət komandası "Mordoviya" klubunun ehtiyat heyəti ilə qarşılaşıb və 0-2 hesabı ilə məğlub olub. Daha sonra hər iki klubun əsas heyətləri üz-üzə gəlib ki, burada da rəqib komanda qələbə qazanıb – 4:0. Beləliklə, Çempionlar Liqasına hazırlaşan “flaqman” biabırçı nəticə göstərib. Qeyd edək ki, “Mordoviya” klubu bu mövsüm Rusiya premyer-liqasında tarixində ilk dəfə elitaya yüksəlib.

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin "Mordoviya" klubu ilə oyun sonrası fikirləri: "Artıq 10 gündür ki, komandanın hazırlığı davam edir. İlk mərhələdə ağır fiziki yükləmələr olduğundan futbolçularda yorğunluq hiss olunurdu. Bu halı normal qəbul edirəm. Bu oyunlarda bir çox futbolçuları sınamaq imkanımız oldu. Əsas məqsədimiz heyəti formalaşdırmaqdır. Təbii ki, qələbə qazanmaq istəyirdik amma önəmli olan yeni gələn futbolçuların komandaya uyğunlaşmasıdır".

"Neftçi"nin məşqçisi Tərlan Əhmədov "Mordoviya" ilə oyun barədə klubun rəsmi saytına danışıb: "Hər iki matçda meydana çıxmış futbolçular 90 dəqiqə əvəzlənmədən oynadı. Ağır fiziki məşqlərdən sonra hər iki hissəni eyni səviyyədə keçirmək çətin olur. Üstəlik baxışda olan futbolçuları da yoxladıq. Qarşıda daha 2 yoldaşlıq matçımız var. Demək səhvləri aradan qaldırmaq imkanımız olacaq. Çalışacağıq ki, hazırlıqlar bitənə kimi komandanı tam hazır vəziyyətə gətirək".