Nigar Köçərli də bəyanat verdi - Mətn

nigar-kocerli-de-beyanat-verdi-metn
Oxunma sayı: 788

Milli Kitab Mükafatı ətrafında baş verənlərlə bağlı müsabiqənin təsisçisi Nigar Köçərli bəyanat verib. “Qafqazinfo” nun məlumatına görə, öz bəyanatında N. Köçərli bildirib ki, iyunun 4-də keçirilən Milli Kitab Mükafatının (MKM) qaliblərə təqdimetmə mərasimindən sonra mətbuatda 2 münsifin istefa etməsi ilə bağlı qızğın müzakirələr davam edir. Təsisçi əvvəlcə MKM-in bütün qaliblərini təbrik edib, münsiflərə, ekspertlərə, sponsorlara və bu layihəyə dəstək olanlara təşəkkürünü bildirib: “2009-cu ildə yaranan MKM ideyası məhz onların dəstəyi ilə ikinci dəfədir ki, böyük uğurla keçirilib. Bütün çıxış və müsahibələrimdə qeyd etdiyim kimi, MKM-in əsas məqsədi ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, müasir ədəbiyyatımızın sosial önəmini artırmaq və ədəbiyyatımızı zənginləşdirəcək əsərləri dərc etməkdir.

Qısa zaman kəsiyində bu hədəflərin hamısına nail olduq. Son 2 il ərzində müasir ədəbiyyatımızın inkişafı problemləri cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri oldu, MKM-in 10-luğuna düşən yazıçılarımız cəmiyyətə təqdim olundu, yeni 10 kitab nəşr olundu və onların bəziləri Azərbaycan miqyasında “bestseller” oldu. Həmçinin, geniş kütləyə 10-luğa düşən yazıçıları təqdim etməklə bərabər ekspertlərin fikrincə milli ədəbiyyatımız üçün tapıntı olan yeni imzaları tanıtdıq.

MKM Azərbaycan mədəniyyəti üçün bu formatda keçirilən ilk uğurlu müsabiqədir. Fikrimcə, bu formatda keçirilən layihələrin sayının çox olması mədəniyyətimizin inkişafı üçün önəmlidir. MKM yalnız sponsorların maddi dəstəyi ilə keçirilir və burada obyektivliyin qorunması birinci növbəli prioritetdir.

Pərvizin MKM-in qalibi olmasından sonra 2 yazıçının 17 nəfər üzvü olan Münsiflər Heyətindən istefa verməsinə təəssüf edirəm. Ancaq fikrimcə, bu miqyaslı layihələrdə bu cür halların baş verməsi gözləniləndir. Mən əminliklə bildirirəm ki, Rəşad Məcid və Çingiz Abdullayevin Milli Kitab Mükafatının münsif üzvlüyünündən getmələri layihənin gələcəyinə kölgə salmayacaq.

Birinci MKM-dən sonra da Münsiflər Heyətinin tərkibində dəyişiklik edilmişdi, o zaman vaxtının məhdudluğundan Elnur Baimov ayrılmışdı. Bu dəfə də çox hörmət etdiyim Rəbiyyət xanım Aslanova əsas işlərinin çoxluğu səbəbindən MKM-in Münsiflər Heyətindən istefa verdi. Mən buna normal baxıram və əminəm ki, Rəbiyyət xanım bundan sonra da ədəbiyyatımızın inkişafına yönəlik layihələrə bu və ya digər şəkildə dəstək verəcək.

Azərbaycan Yazıçılar Birliyinin katibləri Çingiz Abdullayev və Rəşad Məcidin MKM-dən məhz Pərvizin qalib gəlməsi səbəbi ilə istefa verməsinə də anlayışla yanaşıram. Düşünürəm ki, burada əsas səbəb Pərvizin AYB üzvü olmamasıdır. İki ildir ki, bəzi yaradıcı təşkilatlar MKM-i boykot edirlər. İndi AYB-nin iki katibi də bu məsələdə onlara qoşulur. Əgər MKM uzun illər əzində AYB ilə digər yaradıcı təşkilatların bir məsələdə ortaq məxrəcə gəlmərinə səbəb olubsa, bu özü layihənin uğurudur.

Mən, həm Rəşad müəllimə, həm də Çingiz müəllimə MKM-in həyata keçirilməsində göstərdikləri əvəzsiz xidmətlərə görə təşəkkür edirəm. Onlar ilk günlərdən MKM-ə dəstək olublar.

Lakin mən birmənalı şəkildə, səsvermə zamanı hər hansı bir saxtakarlığın olmasına dair iddiaları rədd edirəm. Bunlar hamısı əsassızdır.

Mən, MKM-in təsisçisi olsam da, əsas işimi bu müsabiqənin uğurla keçirilməsi ilə məhdudlaşdırıram. Müsabiqəyə təqdim olunan əsərlərin əsasında hazırlanan 20-lik və 10-luğun müəyyən edilməsi prosesində iştirak etmirəm. MKM-in qaliblərinin seçimi zamanı da mənim heç bir rolum və səsim yoxdur.

Qaliblərin müəyyənləşdirilməsi çox şəffaf əsaslarda, cəmiyyətin əksər təbəqələrini əhatə edən 17 ziyalımızdan ibarət Münsiflər Heyətinin səsverməsi ilə keçirilir. Bu dəfə prosesin tam şəffaf olması üçün münsiflərin səsləri www.mkm.az saytında dərc ediləcək.

İnanıram ki, münsiflər arasında heç bir qruplaşma baş verməyib. Münsiflər cəmiyyətimizin nüfuzlu təmsilçiləridirlər və hesab etmirəm ki onlar öz nüfuzunu və uğurunu sual altına qoya bilməzlər. Hərənin öz ədəbi zövqü var və münsiflər heyətinin tərkibinin rəngərəngliyi bu mükafatı cəmiyyət üçün maraqlı edib.

Bir daha əminliklə bildirirəm ki, MKM layihəsi bundan sonra da davam edəcək və ümid edirəm ki, bizə dəstək verənlərin sayı artacaq”.