Nisyə dəftəri – Hekayə

nisye-defteri-hekaye
Oxunma sayı: 7329

Düzdür, Səlim şahmatda güclü rəqib deyil, lakin oyun müddətində maraqlı söhbətləri ilə diqqətimi cəlb edir. Hiss edirəm ki, Səlimin özü də şahmatın bir bəhanə olduğunu bilir. Nədən ki, bəzi dostlardan fərqli olaraq, Səlim oyunu uduzanda əsla kefini pozmur. Sakitcə qarşılayır məğlubiyyəti.

Şahmat taxtasını stolun üstündən götürən kimi söhbətə başlayır. Səlimin qaneedici xüsusiyyətlərindən biri də odur ki, ölkədə baş verən proseslərlə ciddi maraqlanır, mətbuatı müntəzəm oxuyur və dükanın üstünə çanaq antenası quraşdırdığı üçün bir neçə ölkənin telekanalından xəbərləri izləyir. Siyasətin azarkeşidir desəm, bəlkə də yerinə düşməz, Səlim nəinki ölkədəki, hətta regionda və dünyada cərəyan edən siyasi proseslərdən yaxşı baş çıxarır və mən hərdən düşünürəm ki, Səlimi telekanallara siyasi şərhçi kimi dəvət etsələr, peşman olmazlar.

“Hara gedirsən, müəllim?” Səlim əvvəllər kişi cinsindən olanların hamısına «bəy» deyə müraciət edirdi, ölkədə siyasi vəziyyət dəyişdikdən sonra «müəllim» müraciətinə keçdi. Ona görə yox ki, Səlim xaraktercə dəyişkən adamdır, ona görə ki, məmləkətdə «bəy» sözünə qurd yağı çəkildi.

- Təklifin nədir?

Sualına sualla cavab verməyimə Səlim bərkdən güldü:

- Nə zamandır şahmat oynamırıq. Bilirəm ki, pürrəngi çayla da aran yaxşıdır. Bir partiya oynamasaq, səni buraxmaram, müəllim.

İçəri keçdik. Stolun üstündə şahmat hazır vəziyyətdə idi, fiqurlar düzülmüşdü. Ya o, kiminləsə şahmat oynamışdı, ya da mənim dükana gəldiyimi görüb şahmatı çıxarmışdı. Güman ki, ikinci variant idi, çünki Səlim ötən ay dükanının satış bölümünə kamera qoydurmuşdu və kabinetində oturub alış-verişə ekrandan nəzarət edirdi. Əl boyda bir dükana videokamera qoymağının səbəbini Səlimdən xəbər almışdım və o da cavab vermişdi ki, bunu profilaktik məqsədlə edib. O gün harasa tələsdiyim üçün Səlimin profilaktika deyəndə nəyi nəzərdə tutduğunu öyrənməyə cəhd etmədim. Bilirdim ki, Səlim profilaktikanın açmasına başlasa, düz bir saat zamanmı alacaq.

- Hə, müəllim, həmişə məni udursan, xəbərdarlıq edirəm, bu dəfə şahını mat edəcəm.

Oyuna ağ fiqurlarla Səlim başladı. On beşinci, ya on altıncı gedişi fikirləşirdi ki, satıcı qız içəri girdi, ədəb-ərkanla salam verdi, «Səlim əmi, Səfər müəllim 30 manatlıq ərzaq götürdü, yazın dəftərə» - deyib çıxdı.

Səlim gözünü şahmat taxtasından çəkmədən, sol əlini şkafın ortadakı rəfinə aparıb, bir dəftər götürdü. Yenə gözü taxtada qala-qala masanın siyirməsini çəkib eşələdi və bir qələm çıxardıqdan sonra dəftərə baxdı. 48 vərəqlik dəftərin üçüncü, ya dördüncü vərəqini açıb qələmlə «Səfər müəllim - 30 manat» yazdı, ayın tarixini qoydu. Qələmi dəftərin arasına qoyub çayları süzdü və limon doğradı, hər stəkana bir dilim limon salıb, «limonun ətrinə bax, müəllim, Ordubad limonudur» dedi və gedişini etdi. Təzəcə çaydan bir qurtum içmişdi ki, satıcı qız qapını açdı və elə qapının ağzından «Səlim əmi, Mürsəl müəllimin oğlu gəlib, 20 manatlıq alver etdi, yazın» deyib çəkildi. Səlim dəftəri açdı, Mürsəl müəllimin adını tapdı, qabağında 20 manat yazıb ayın tarixini qoydu, çaydan bir qurtum da içib, «müəllim, bunun qarşısını ala bilməzsən» deyərək, atla bir gediş etdi və elə o an da anladı ki, səhvə yol verib. Səhvini düzəltməyi təklif etdim, razılaşmadı.

Səlim şahmatda səhvin bağışlanmasını əsla qəbul etmir. Deyir ki, belə olanda şahmat hörmətdən düşür. Qalxıb şahmatı stolun üstündən yığışdırıb çayları təzələdi. Kresloya oturub əlini uzadaraq «müəllim, təbrik edirəm» dedi.

- Səlim, dünyada təzə nə var, nə yox? (Bilirdim ki, bu sualı mənə verməyə hazırlaşır, onu qabaqladım.)
- Müəllim dünyadır da, durub öz yerində, dəyişən insanlardı.
- İşlərin necə gedir, maliyyə böhranı səni də silkələyib?
- Müəllim, biz tacirləri yıxan maliyyə böhranı-filan deyil, bizim rüşvətxor məmurlardı. Balaca bir dükandır, biri gedir, o biri gəlir. Vallah, qanundan başım çıxmasa, dərimi soyarlar.

Söhbətin bu yerində satıcı qızın səsi gəldi: «Səlim əmi, Münəvvər arvadın adına 15 manat yazın». Səlim təzədən qələmi götürdü, Münəvvər arvadın borcuna 15 manat da əlavə etdi.

- Müəllim, bu dükana bilirsən neçə nəfər rüşvət üçün gəlir?

Səlim gözlərini tavana dikdi, yəqin dükana rüşvət almağa gələnlərin sayını hesablayırdı. Zənnim düz çıxdı.

- Müəllim, düz altı təşkilatdan bu qapını döyürlər. Birini qovuram, o biri gəlir. Nə utanırlar, nə həya edirlər. Deyirəm ay kişi, vergini ödəyirəm, işıq, su pulunu verirəm, nə istəyirsiniz məndən?

Səlim şkafın rəfini çəkib bir qovluq çıxardı:

- Buyur, bax, dövlətin nə rüsumu, vergisi var, ödəmişəm.
- Hər şey qanuna uyğunsa, daha bunlar nə istəyir?
- Bunlar qanun-filan tanımır, müəllim. Qanunu saya salan məmur yoxdur bu ölkədə. Hər tərəfdə açıq-aşkar rüşvət almırlar, müəllim? Dərdi deməyə bir kimsə yoxdur. O gün bir qohumum var - icra hakimiyyətində çalışır, deyirəm ki, bu yuxarıdakılar hara baxır, rüşvət kəllə-çarxa çıxıb. Nə desə yaxşıdır? deyir ki, qazanırsansa, verməlisən. And olsun Allaha, belə getməz. Millət acdır, bunlar rüşvət pullarını eyş-işrətə sərf edirlər, milyon manatlıq villalar tikirlər. Bir bu dəftərə bax.

Səlim nisyə dəftərini stolun üstündən götürüb mənə tərəf uzatdı:

- Bax gör, borca ərzaq götürənlərin içərisində bir polis, gömrük işçisi, məmur var? Hamısını tanıyırsan, qonşulardır. Müəllimlərdi, təqaüdçülərdi, işsizlərdi.

Dəftəri vərəqlədim, qonşuların borc siyahısına baxdıqca, yadıma seçkilər düşdü. Seçki saxtakarlığında fəal iştirak edən müəllimlər, 5-10 manat pula səsini satanlar gözümün önündən keçdi. Nədənsə mənə elə gəldi ki, bu adamlar Allahın cəzasına tuş gəliblər və nə qədər ki, haqqı qoruya bilmirlər, adları Səlimin nisyə dəftərində olacaq. Səlimin ikinci dəftəri rəfdən çıxarması məni fikirdən ayırdı.

- Müəllim, xahiş edirəm, bu dəftərə də bax. Keçən ilki borc dəftəridir. Bax, neçə qonşunun borcunun üstündən xətt çəkmişəm. Nisə arvad öldü, getdim cənazə namazında borcunu halal elədim. Həsən müəllim bir ay xəstə yatdı, evinə baş çəkdim, qulağına pıçıldadım ki, borcunu sildim. O əlil kişi var, birinci blokda yaşayan, özünə demişəm ki, həftədə bir dəfə könlünə keçəni dükandan götürsün, borc-filan olmayacaq. Aldığı pensiya dərmanına çatmır, indi durum ona deyim ki, keçən ildən filan qədər borcun qalıb, qaytar? Bunu deyə bilərəm, müəllim? Vallah, bir şeyə mat qalmışam, bu neftdən ki, bir belə gəlir götürürük, nədən bu müəllimlərin maaşlarını, qocaların pensiyalarını əməlli-başlı artırmırlar? Bu neft məgər xalqın deyil?

Səlimin ürəyi dolu idi və mənim müdaxiləmi gözləyirdi ki, söhbəti genişləndirsin. Cavab əvəzinə saata baxdım. Səlim başa düşdü.

- Müəllim, sənə sən öl, demirəm, özüm ölüm, bu dəftərlərin ucbatından Həcc ziyarətinə gedə bilmirəm. Bir ziyarətin pulu bu dəftərdədir. Kişiliyimə, mənliyimə sığışdıra bilmirəm ki, qocalara, əlillərə, müəllimlərə, işsizlərə deyəm borcu qaytarın. Bilirəm ki, pulları yoxdur, olan kimi qaytarırlar da...

Səlimin bundan sonra danışdığı sözləri eşitmirdim. Tanrının zəngin sərvətlər bəxş etdiyi bir məmləkətdə insanların ehtiyac içində yaşaması, faciədən başqa bir şey deyil. Birdən ağlımdan keçdi ki, adı nisyə dəftərində olan müəllimin müəllimliyindən, ağsaqqalın ağsaqqallığından nə çıxar? Və o da ağlımdan keçdi ki, bu adamların adı nisyə dəftərində durduqca, Səlim Məkkənin üzünü görməyəcək. Ayağa qalxdım, Səlim hələ də danışırdı.

Qapıdan çıxanda satıcı qızın səsini eşitdim, «Səlim əmi, Qasım müəllimin adına 15 manat yazın…»