Nüfuzlu “qanuni oğru”nun qardaşı Azərbaycanda yüksək vəzifədə çalışır

nufuzlu-qanuni-ogrunun-qardasi-azerbaycanda-yuksek-vezifede-calisir
Oxunma sayı: 6682





Nüfuzlu “qanuni oğru” Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) qardaşı Azərbaycanda yüksək vəzifədə çalışır. “Qafqazinfo”nun məlumatına görə, postsovet məkanının kriminal aləmin tanınmış şəxslərindəndən olan həmyerlimizn qardaşı Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi vəzifəsində çalışır. O, Namiq Rafiq oğlu Caniyevdir. Yüksək peşəkarlığı ilə seçilən N.Canıyev bu ilin yanvarında prezident İlham Əliyev tərədindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə də təltif olunub.

Qeyd edək ki, Caniyev Rövşən Rafiq oğlu (“Rövşən Lənkəranski”) 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. Azərbaycan vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26-da qeydiyyatdadır. Astara rayon xalq məhkəməsinin 15.10.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi, 97-ci maddəsi il 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Səbail rayon məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Bu dəfə 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 15, 94-cü maddəsi (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib.
2002-ci ildə isə R.Caniyev barəsində olan həmin cinayət işi təzələnib. Lakin R.Caniyev istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 01.07.2002-ci ildə axtarış elan olunub.
2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.

Ötən il martın 19-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Rövşən Lənkəranski”yə hökm oxunub. Dövlət ittihamçısı R.Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib. Onun istintaq müddətində həbsdə olduğu və kəsilən cəza müddətinin başa çatdığı nəzərə alınaraq, o, məhkəmə zalındaca azad edilib. Hazırda Ukraynada yaşayan Rövşənin bu ölkədə də böyük nüfuz sahibi olduğu bildirilir.