“Boeing” aviaşirkətlərə bu təyyarə ilə bağlı xəbərdarlıq etdi

“Boeing” aviaşirkətlərə bu təyyarə ilə bağlı xəbərdarlıq etdi
Oxunma sayı: 1164

“Boeing” şirkəti bütün aviaşirkətlərə “Pratt & Whitney PW 4000” mühərrikləri ilə işləyən 777 seriyalı təyyarələrinin uçuşlarını dayandırmasını tövsiyə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bazar günü şirkətin mətbuat xidməti məlumat verib. Buna ABŞ-ın “United Airlines” şirkətinə məxsus “Boeing 777” tipli təyyarə ilə yaşanan hadisə səbəb olub.

“Boeing”  “United Airlines Flight 328” ilə baş vermiş son prosesləri fəal şəkildə izləyir. Araşdırma əsnasında, istismarda olan 69 və ehtiyyatda olan 59 “Pratt & Whitney PW” mühərrikli 777 seriyalı təyyarələrə Federal Aviasiya İdarəsi tərəfindən müvafiq yoxlama protokolunun təyin edilməsinə qədər istismarının dayandırılmasını tövsiyə etdik”, - deyə şirkətin rəsmi açıqlamasında bildirilib.

Şirkət ayrıca bu təyyarələrin uçuşlarını dayandırmağa qərar verən Yaponiya və ABŞ aviasiya tənzimləyicilərinin qərarını dəstəklədiyini ifadə edib.

Xatırladaq ki, 21 fevralda Kolorado ştatının Denver şəhərindən Honoluluya uçan “United Airlines” şirkətinə məxsus “Boeing 777” təyyarəsinin mühərrikində nasazlıq aşkarlanıb. Təyyarə təhlükəsiz bir şəkildə hava limanına qayıtsa da, təyyarənin örtük hissəsinə aid böyük bir hissəsi yaşayış binalarının yaxınlığında düşüb.