Facebookda “eşələnirdim”, qəfil rastıma bir neçə il bundan əvvəl sayt və qəzetlərdə qırğına çıxan yazarların qol-boyun rəsmi çıxdı. Düzü, elə bildim dünya düzəlir, sonra qandım ki, belə məsələlərdə siyasi səbəb axtarmaq sadəlövhlükdür. Yadımdadır, bir-biri ilə kef havasına “vuruşmamışdılar”, - onları it boğuşduranlar kimi “boğuşduranlar” var idi. İndi aradan xeyli vaxt keçib, onların hər birinin öz inkarolunmaz istedadına xas mətnləri, ən əsası “araq şüşələri” barışığa səbəb olub. Həm də özləri də yaxşı başa düşüblər ki, dava, əslində, nə onların öz davaları idi, nə də alıb verə bilmədikləri söz üstündə idi. “Müharibə” müddətində muzdla döyüşən bu ədəbiyyat sərbazları ordudan hələlik tərxis olunduqlarına görə barışıblar. Amma sabah “komandan” istəsə, onlar bir-birini, axşam şəninə tost dedikləri “dost”larını yenə də cinsi və mənəvi planda alçaltmaqdan çəkinməzlər. Bu mehriban şahid şəkillərisə isə öz səhifələrində “görünməz edərlər”.
Bəlkə də, onlarda da “günah yoxdur”, buna məcburdurlar. Bu məcburiyyəti “düşmən tərəfləri” yaxşı başa düşür deyə onların bir-birini bağışlaması da asan olur. Məsələn, düşmən tərəflərdən biri yaxşı yazı yazan əks qütbü “istedadsız”, “mənasız” adlandırsa da, sonradan saytlarda onun əla bir mətnini oxuyanda “əclaf yaman yazıb” deməyə məcburdur, çünki əsl ədəbiyyat, dəyərli söz onun yolunu kəsir. Belədə “boğuşdurulanlar” “sahibkarlarına” gizlicə xəyanət edib, bir-birinin istedadına ürəklərində “əhsən” deməli olurlar. O “əhsən”lər çoxaldıqca düşmənlik aradan qalxır... İstedadlı adamla düşmən də olmaq olmur...
Oğul istəyirəm ki, bir kitab çap edə, kitabda bir-biriylə “boğuşan” yazarların tənqid və təhqir dolu yazıları, bir də qol-boyun, xürrəm şəkilləri ola...
Son xəbərlər
Son Xəbərlər