Bölgələrdə barama tədarükünə başlanılıb

bolgelerde-barama-tedarukune-baslanilib
Oxunma sayı: 953

Dövlət başçısının ölkədə ipəkçiliyin sürətli inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq 2016-cı ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada ipək istehsalının müasir infrastrukturunun yaradılması, baramaçıiığln yem bazasının möhkəmləndirilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb.

"Qafqazinfo" xəbər verir ki, ipəkçiliyin gələcək inkişafı üçün baramaçılığın yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından 1,5 milyon ədəd calaq edilmiş tut tingləri tədarük edilib, əvvəlcədən tərtib edilmiş bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonuna paylanılmış və bu rayonların ərazilərində Nazirliyin və Nazirlik tərəfindən respublikaya dəvət edilmiş Çin Xalq Respublikasının mütəxəssislərinin nəzarəti altında 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin edilib. Yeni salınmış bağlarda əkilmiş tinglərdən 95-100 faiz səviyyəsində çıxış əldə edilib və hazırda bu bağlarda aqrotexniki qulluq işləri davam etdirilir.

Ölkədə barama istehsalının əvvəlki il ilə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6000  qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilib və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuşdur. İpəkqurdu toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli barama qurdları əldə edilmiş və respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsi tələb olunan miqdarda keyfiyyətli barama qurdları ilə təmin edilib.

İpəkqurdlarının bəslənilməsində kümçülərə metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Çin Xalq Respublikasından dəvət olunmuş mütəxəssislər ilə birlikdə baramaçılıq rayonlarına ezam olunmuş, kümçülərə ipəkqurdlarının bəslənilməsi ilə bağlı müvafiq tövsiyələr verilmiş, onlara qarşılaşdığı çətinliklərin həll olunmasında əməli və metodiki köməklik göstərilib.

Hazırda bölgələrdə tut ipəkqurdlarının bəslənilməsi prosesi davam edir və artıq  bir sıra rayonlarda (Ağcabədi, Ağdam, Ağsu, Sabirabad, Zərdab, Bərdə və s.) yaş barama məhsulunun tədarükünə başlanılmışdır. “Şəki İpək” ASC-dən alınmış operativ məlumatlara əsasən 2017-ci il 31 may tarixinə müəssisə tərəfindən respublikanın 8 rayonundan 8,5 tona yaxın yaş barama məhsulu qəbul edilmiş və hazırda bu proses davam edir.

Kənd Təsərrüfatı Nazirliyi və onun yerli təşkilatlarının mütəxəssislərinin rəyinə əsasən cari ildə ölkə üzrə 250 tona yaxın yaş barama məhsulunun istehsal ediləcəyi proqnozlaşdırılır ki, bu da ölkə Prezidenti tərəfindən Nazirlik qarşısında barama istehsalı ilə bağlı müəyyən edilmiş hədəflərdən təxminən 2 dəfə çoxdur.