“Bölgələrdən bölgələrə” bu dəfə Balakəndə - Fotolar

bolgelerden-bolgelere-bu-defe-balakende
Oxunma sayı: 1052

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Azərbaycanın şimal-qərb qapısı Balakən rayonu olub.

“Qafqazinfo” xəbər verir ki, bayram tədbiri Balakən şəhərində Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında təşkil edilib. Festivalın rəsmi qonaqlarını Balakəndə yaşayan azsaylı xalqların rəqs qrupları “Yallı” rəqsi ilə qarşılayıb. Rayonun mədəniyyət müəssisələrində fəaliyyət göstərən “Nənələr və nəvələr”, “Eday”, “Xınayaxdı” və “Buta” folklor qruplarının çıxışları festivala əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Şəki pəhləvanları öz güclərini nümayiş etdiriblər.

Sonra festival iştirakçıları Mədəniyyət Nazirliyinin regional idarələri tərəfindən qurulmuş çadırlarda həmin bölgələrin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ tətbiqi sənətin müxtəlif sahələrinə aid incəsənət nümunələri və suvenirlərlə tanış olublar. Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, zərif naxışlı tikmələr, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq sənət növlərinə aid yaradıcılıq nümunələri sərgilənib.