“Bölgələrdən bölgələrə” Masallıda - Fotolar

bolgelerden-bolgelere-masallida
Oxunma sayı: 1746

“Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı mayın 3-də işini Masallı rayonunda davam etdirib.

“Qafqazinfo” xəbər verir ki, festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, bir neçə ölkənin Azərbaycandakı səfirliyinin təmsilçiləri və rayon sakinləri iştirak ediblər.

Festival ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunan yürüşlə başlayıb. Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyindən start götürən yürüş “ASAN xidmət” Mərkəzinin qarşısında başa çatıb.

Sonra Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi çadırları “ASAN xidmət” Mərkəzinin qarşısında qurulub.

Sərgidə metalişləmə sənətinin fərqli texnika və üsulları ilə hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələr, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq və s. sənət növlərinə aid yaradıcılıq nümunələri sərgilənib. Sərgi çərçivəsində “ABAD” Mərkəzi də sənətkarlıq nümunələrini nümayiş etdirib.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqətini cəlb edib.

2019-cu ilin ölkəmizdə “Nəsimi İli” elan edilməsi ilə əlaqədar festivalda yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub.

Yaradıcılıq Festivalının bədii hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.