“Bölgələrdən bölgələrə” Xaçmazda - Fotolar

bolgelerden-bolgelere-xacmazda
Oxunma sayı: 1275

Dünən Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalına parklar və muzeylər şəhəri Xaçmaz ev sahibliyi edib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına parkda respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirakı ilə keçirilən festival bölgə sakinləri tərəfindən böyük coşqu ilə qarşılanıb.

Festival iştirakçıları Qusar Dövlət Ləzgi Dram Teatrının “Diyar” nənələr qrupunun təqdimatında cəhrədə yun əyirmək, xalça toxumaq, səhənglə su daşımaq və başqa bu kimi keçmiş dövrlərin məişət işlərini əks etdirən təqdimatları izləyiblər.
Xaçmaz və Şabran Xalq teatrlarının hazırladığı ədəbi-bədii kompozisiyalar festivalın zəngin proqramına əlavə rəng qatıb. Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib.

Festivalın ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.