“Bölgələrdən paytaxta” Lənkəranda

bolgelerden-paytaxta-lenkeranda
Oxunma sayı: 1020

Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi üzrə ölkəmizin regionlarının təqdimatı davam edir.

"Qafqazinfo" xəbər verir ki, ötən ildən həyata keçirilən layihə çərçivəsində bölgələrin tarixi, mədəni irsi, incəsənəti, folkloru, bugünkü sosial-iqtisadi inkişaf səviyyəsi nümayiş olunur.

Layihənin növbəti təqdimat ünvanı Lənkəran rayonudur. Tədbir Lənkəran Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Lənkəran Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə iyunun 6-da saat 18.30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Teatrın foyesində bölgənin tarixi və mədəniyyəti, adət-ənənələri, xalq sənətkarlığı, mətbəxi, sosial-iqtisadi inkişafı və turizm imkanlarını əks etdirən sərgi təşkil olunacaq. Mərasimdə Lənkəranın bədii kollektivlərinin və incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim ediləcək.

Xatırladaq ki, “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində 2015-ci ildə Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz, Zaqatala rayonlarının, 2016-cı ildə isə Abşeron, Şuşa və Qusar rayonlarının Bakı şəhərində təqdimatı keçirilib.