Ölkədə bahalaşma olub

olkede-bahalasma-olub
Oxunma sayı: 678

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin iyul ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib. Mərkəzin İctimaiyyətlə əlaqələr departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, iyul ayında Azərbaycanda 1,32 faiz inflyasiya eydə alınıb. Artım əsasən ərzaq məhsulları və xidmət tariflərinin bahalaşması hesabına baş verib: ay ərzində ərzaq məhsulları 2,18 faiz, xidmət tarifləri isə 1,04 faiz artıb. Qeyri-ərzaq məhsulları iyulda 0,23 faiz ucuzlaşıb.
İyun ayına nisbətdə iyul ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 1,51 faiz, regionlarda isə 1,14 faiz bahalaşıb. Bu zaman ərzaq məhsulları Bakıda 2,48 faiz, regionlarda 1,88 faiz, xidmətlər müvafiq olaraq 1,40 faiz və 0,69 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları isə əksinə, Bakıda 0,43 faiz, regionlarda isə 0,04 faiz ucuzlaşıb. Ay ərzində ən çox yemiş (51,28 faiz), buğda unu (23,40 faiz), xurma ( 22,07 faiz), hava sərnişindaşıma nəqliyyatı(beynəlxalq reyslər 19,64 faiz), ventilyatorlar (4,40 faiz) bahalaşıb. Üzüm (50,55 faiz), armud ( 22,28 faiz, oğlan üçün yay kostyumu (3-6 yaşlı uşaqlar üçün – 14,17 faiz), təzə kartof (10,81 faiz), mobil telefonlar (4,99 faiz) isə ucuzlaşıb.

Hesablamalar göstərib ki, 2012-ci ilin yeddi ayında ölkədə 1,41 faiz, o cümlədən Bakıda 2,83 faiz, regionlarda isə 0,07 faiz inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 2,23 faiz, xidmətlər 2,72 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları isə 1,19 faiz ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 7,72 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 10,61 faiz, regionlarda isə 4,89 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında (12,50 faiz) olub. Qeyri-ərzaq məhsullarında 0,11 faiz ucuzlaşma, xidmətlərdə isə 5,66 faiz artım baş verib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında iyul ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 164,38 manat, pensiyaçılar üçün 148,89 manat, 0-14 yaşlı uşaqlar üçünsə 203,53 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 100,7 manat, pensiyaçılar 91,12 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 113,11 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,2 manat, pensiyaçılar üçün 35,16 manat, 0-14 yaşlı uşaqlar üçün 72,69 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.

Nigar Məmmədli