Bolqarıstan Prezidenti Vilayət Eyvazovu qəbul etdi - Foto

Bolqarıstan Prezidenti Vilayət Eyvazovu qəbul etdi
Oxunma sayı: 2767

Bolqarıstanın daxili işlər naziri Boyko Raşkovun dəvəti ilə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə iki günlük rəsmi səfərdə olub.

“Qafqazinfo” xəbər verir ki, iyunun 23-də Bolqarıstan Prezidenti Rumen Radev daxili işlər naziri Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş olduğunu söyləyən ölkə rəhbəri dövlətlər arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. O, iki ölkə arasındakı dostluq münasibətlərini və Sofiya ilə Bakı arasında ümumi maraq doğuran bir sıra sahələrdə strateji dialoqu yüksək qiymətləndirib, cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın təşviqinin Bolqarıstanın Azərbaycanla tərəfdaşlığının yüksəldilməsi üçün mühüm amil olduğunu bildirib.

Daha sonra Boyko Raşkovla Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı mövcud əlaqələr yüksək qiymətləndirilib, əməkdaşlığın bütün istiqamətlər üzrə bundan sonra daha da möhkəmlənəcəyinə və inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Sonda daxili işlər nazirləri “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə Bolqarıstan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalayıblar. Qeyd olunub ki, bu Memorandum tədris sahəsində qabaqcıl təcrübə mübadiləsinin imkanlarını genişləndirəcək və polis əməkdaşlarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verəcək.