Bu gün “Bolt Food” yemək çatdırılma xidmətinin kuryerləri daşıma qiymətlərinin aşağı salınmasına etiraz olaraq aksiya keçiriblər.
“Qafqazinfo” xəbər verir ki, şirkətin ofisi qarşısına toplaşan etirazçılar çatdırdıqları hər sifarişin qiymətinin 1.10 - 1.20 manatdan hesablanmasından narazıdırlar: “Hər 100 ədəd sifarişə görə 350-360 manat pul alırıq. Bu, kifayət qədər təhlükəli olan çatdırılma işi üçün çox kiçik məbləğdir. İstərdik ki, 100 ədəd sifarişin qiyməti ən azı 500 manat olsun. Digər tərəfdən, bizdən 50 AZN məbləğində rüşvət tələb olunur. Kuryerlər balansı 50 AZN etsələr də, onları bloklayırlar. Bizi qıcıqlandırırlar ki, etiraz edək”.
Həmçinin oxuyun: “Wolt”un kuryerləri kütləvi etiraz etdi - Açıqlama
Kuryerlər rəhbərliyin onları dinləyib problemləri ilə maraqlanmadığını deyir: “Rəhbərliklə görüşə bilmirik. Deyirlər ki, rəhbərlik burada deyil, Finlandiyada yerləşir. Amma bizi bloklaya bilirlər, bizdən qanunsuz olaraq 50 AZN tələb edə bilirlər. Biz gördüyümüz işin qarşılığını istəyirik. İstəyirik əvvəlki kimi hər sifariş 2.5-3 manat olsun”.
Kuryerlərin şikayətləri ilə bağlı “Bolt” şirkətinin media ilə əlaqələr şöbəsinə sorğu göndərdik. Şirkətdən bildirildi ki, kuryer tərəfdaşlara hər zaman hörmətlə yanaşılır və onlara yaxşı qazanc əldə etmək imkanları təklif edilir:
“Bolt” olaraq biz inanırıq ki, kuryer tərəfdaşlarımız xoşbəxt olarsa, yemək çatdırdıqları şəxslərə daha yaxşı xidmət göstərərlər. Bizim platformadan daha çox necə qazana bilmələri (yüksək reytinq, daha çox sifariş qəbul etmə və s.) ilə bağlı mütamadi təlimlər verir, platformadan istifadə qaydaları və şərtləri, tətbiq olunmuş hər hansı dəyişikliklər haqqında hər zaman əvvəlcədən məlumatlandırırıq. “BoltFood” komandamız mütəmadi olaraq platformamızda fəaliyyət göstərən kuryerlərlə əlaqədə olur və görüşlər keçirir. Bu görüşlərdə kuryerlər bizə öz narahatlıqları, təklifləri və iş zamanı qarşılaşdıqları təcrübələri barədə bir başa müraciət edə və məlumat verə bilirlər. Bu yaxınlarda kuryerlərlə 2 dəfə görüş keçirilib. Çünki biz restoranlara və yemək sifariş edən şəxslərə ən yaxşı xidməti göstərmək üçün bu məlumatları vacib hesab edirik”.
Şirkətdən bildirildi ki, kuryerlər həmçinin bütün suallarını və təkliflərini çirkətin dəstək bölməsinə yönləndirib, operativ, düzgün və aydın məlumat ala bilirlər: “Şərtlər və qaydalara əməl edilmədiyi hallarda, misal üçün - kuryerin hesabında bir neçə qeyri-müəyyən və şübhəli əməliyyat görünərsə, biz araşdırma edib kuryerə məlumat verərək, ona problemi izah etmək imkanını yaradırıq. Bu kömək etmədikdə isə, platformadakı xidmətlərimizin yüksək keyfiyyətini təmin etmək üçün kuryerin hesabına məhdudiyyət tətbiq etməyə məcbur oluruq”.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda “Wolt” şirkətində kuryer işləyən 100-dən çox şəxs işə çıxmayaraq etiraz etmişdi. Onlar maaş artımı tələbi ilə şirkətin mobil proqramını dondurmuşdular. Həmin şəxslər nəqliyyat vasitələrinin üstünə “Qiymətlər qalxmasa, işləməyəcəyik” şüarları yapışdırmışlar.
Gülnar Əliyeva


Son xəbərlər
Son Xəbərlər