“Onları diz çökdürməliyik...”

onlari-diz-cokdurmeliyik-
Oxunma sayı: 675

“Qafqazinfo”nun məlumatına görə, bunu yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M. Qurbanlı bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulub. Ona görə də, BMT Təhlükəsizlik Şurası işğalçı Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar dörd qətnamə layihəsi qəbul edib. Qətnamənin məlum şərtlərinə əsasən işğal edilən Azərbaycan əraziləri qeyd-şərtsiz boşaldılmalıdır. Lakin bu qətnamələrin icrası indiyədək yerinə yetirilməyib.

Onun sözlərinə görə, işğalçı ölkənin bu məsələdə qeyri-konstruktiv mövqe tutması Azərbaycan dövlətinin başqa vasitələrlə Ermənistana diplomatik təzyiq göstərməsini zəruri edir. “Bununla bağlı Azərbaycan dövləti BMT-nin Təhlükəsizlik Şurasına yenə də müraciət edə bilər, lakin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri olduğuna görə, ölkəmiz həmin qətnamələrin yerinə yetirilməsini təklif və tələb edir. Həmin qətnamələrin yerinə yetirilməsi üçün lazımi addımlar atılmalıdır. İlk öncə, Ermənistan qətnamə layihəsinin icrasını həyata keçirmədiyinə görə, bu ölkəyə qarşı iqtisadi və siyasi xarakterli sanksiya tətbiq edilməlidir. Lakin çox təəssüf ki, bunu görmürük. Və bunun da səbəbi Təhlükəsizlik Şurasına üzv olan beş daimi ölkələr sırasında işğalçı Ermənistanı müdafiə edənlərin olmasıdır. Bunun da kökündə yalnız geopolitik maraqlar və regionla bağlı həmin ölkələrin siyasəti dayanır»- deyə YAP İcra katibinin müavini vurğulayıb.

M. Qurbanlı qeyd edib ki, bütün bunlara baxmayaraq Azərbaycan diplomatiyası uğurlar qazanmaqdadır. Onun fikrincə, Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələnin BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə daxil edilməsinin əhəmiyyəti böyükdür. Bu fakt onu göstərir ki, Azərbaycan bütün səviyyələrdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir, beynəlxalq təşkilatlarda ədalətli qərarların qəbul edilməsinə nail olur. “Azərbaycan dövləti hücumçu diplomatiya xəttini davam etdirərək Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi ilə bağlı beynəlxalq qurumlarda qərarların qəbul edilməsinə nail olub. Erməni təbliğat maşını artıq qətiyyən bizimlə yarışa və haqqımızda istədikləri kimi mənfi rəy formalaşdıra bilmir. Bütün sahələrdə təcavüzkar ölkəni diz çökdürməliyik və Ermənistan Azərbaycanın qarşısında diz çökəcək”.