“Onun harası ziyalıdır?” - Etiraz

onun-harasi-ziyalidir-etiraz
Oxunma sayı: 692

Siyavuş Novruzov hesab edir ki, ziyalı hər hansı elmi dərəcəsi, fəxri adı olan şəxs deyil: “Hansısa dövlət vəzifəsində işləyib oradan qovulan şəxs ziyalı deyil, belə insanlara heç vaxt ziyalı demək olmaz. Ziyalı xalqının, millətinin, dövlətinin bütün işlərində öndə gedən, yol göstərən insanlardır. Onların hansı deyə bilər ki, milli azadlıq hərəkatında öndə olub? Onlardan hansı həmin dövrdə bir məqalə yazıb? Guya ən aparıcıları Rafiq Əliyevdir. Rafiq Əliyev Əbdürrəhman Vəzirovun dövründə işləyib. Onun harası ziyalıdır? Nə vaxt ermənilərə qarşı bir məqalə yazıb? Yazmayıb. Özü də Azərbaycanın işğal olunmuş bölgəsindəndir.

Bəzi şəxslər ölkədə olan ictimai-siyasi sabitlikdən sui-istifadə edir. Rahat şəraitdir, ölkədə hər şey qaydasındadır, ictimai-siyasi sabitlik var. İndi bəzilərinin yadına düşüb ki, onlar ziyalıymış. Hamısı övladlarını xaricə göndərib. Xaricə qaçan ziyalı ilə hərbi xidmətdən qaçan əsgər eynidir. Onların hər ikisi fəraridir. Onlar arxalarıyca üç adamı da apara bilməzlər.

Özünü Ziyalılar Forumu adlandıran qurumun dekabrın 29-da keçiriləcək konfransında YAP üzvlərindən heç kim iştirak etməyəcək. Ötən toplantıda Şahlar Əsgərov iştirak edib. Onu da Rafiq Əliyev zəng edib çağırıb. Şahlar müəllim elə bilib ki, bir alim məclisidir, gedib başqa şey görüb”.

Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Qurumun missiyası ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır. Forumun əsas yaradıcıları yazıçı Rüstəm İbrahimbəyov, şair Ramiz Rövşən, alimlər Cəmil Həsənli, Rafiq Əliyev, politoloq Eldar Namazovdur.