“Onun sevgi məktubları” Marneulidə təqdim olundu

onun-sevgi-mektublari-marneulide-teqdim-olundu
Oxunma sayı: 669

“Qafqazinfo”nun məlumatına görə, kitaba böyük maraq göstərən Marneuli rayonunun ziyalıları, gəncləri imzalanma mərasimində fəal iştirak ediblər.

Millət vəkili Qənirə Paşayeva Gürcüstan azərbaycanlılarına kitaba göstərdikləri diqqət və maraq üçün təşəkkür edib. Bunun üçün imzalamaya gələn hər kəsə xüsusi minnətdarlığını bildirən Qənirə Paşayeva kitabın da onların xoşuna gələrsə, bundan məmnun qalacağını qeyd edib.

Tədbirdə ötən ilin son iki ayı ərzində satış lideri olmuş «Onun sevgi məktubları» romanını alan və müəllifə imzalatdırmaq istəyən oxucularla kitab ətrafında fikir mübadiləsi və müzakirələr də aparılıb. Müzakirələr zamanı romanın müəllifi Qənirə Paşayeva oxucuları maraqlandıran bir sıra sualları da cavablandırmışdır.
Millət vəkili bildirib ki, “Onun sevgi məktubları”nın satışından əldə olunacaq gəlir bütünlüklə, həyat yoldaşını itirmiş üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcək. Həmin qadının çox acınacaqlı şəraitdə yaşadığını bildirən Qənirə Paşayeva bu addımla bir qadının, bir ananın və onun üç körpəsinin həyat şəraitini qismən də olsa yaxşılaşdırarsa, bunun bir müəllif olaraq ona kitabın sevincindən daha böyük sevinc bəxş edəcəyini deyib. Kitabın ötən ayın satış lideri olmasından məmnun olduğunu deyən Qənirə Paşayeva göstərdikləri diqqətə görə bütün oxuculara təşəkkürünü bildirib.

Qeyd edək ki, «Onun sevgi məktubları» Azərbaycanın müasir ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir. Real hadisələr üzərində qurulmuş romanda yer alan məktubların mətni də kitabda nəql edilən sevgi hekayəti qədər gerçəkdir.