“Öpüşmürəm, sevişmirəm demək, tərbiyəsizlikdir” -Müsahibə

opusmurem-sevismirem-demek-terbiyesizlikdir-musahibe
Oxunma sayı: 735

Türkiyənin “Adını Feriha koydum” serialının baş qəhrəmanı Hazel Kayanın yeni görkəmdə fotosessiyası yayılıb. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, gənc aktrisanın bu fotoları tamaşaçılarını çox təəccübləndirib.
H. Kaya jurnallardan birinə müsahibə də verib. Həmin müsahibəni təqdim edirik:


- Aktrisa olmağı uşaqlığından arzu edirdin?

- Səhnə sənətləri və musiqi ilə hər zaman əlaqəm olub. Beş il baletlə məşğul olmuşam. Yeddi il kaman çalmışam. Məni aktrisalığa anam yönəltdi.

- Bu sahədə təhsiliniz varmı?

- Yoxdur. Təhsilli deyiləm. Bir dəfə yayda tətil edərkən yanımıza rejissor bir qadın gəldi. “Mən səni seriala çəkdirmək istəyirəm” dedi. O saat üstünə cumdum. Sanki birinin “gəl səni aktrisa edək” deməsini gözləyirmişəm. Hər şey orada başladı və kimsə dayandırmadı. Dram kurslarına getdim və hələ də gedirəm. Sonradan isə reklamlar, seriallar gəldi.

- Yaşınız neçədir?

- 20.

- Sanki uzun illərdi həyatımızdasan…

- “Genco” serialı başlayanda 16 yaşında idim. Ekranda böyüdüm. Bəli, bütün Türkiyə məni tanıdı, amma məndə bir dəyişiklik yoxdur. Əvvəllər birlikdə gəzdiyim dostlarımla indi şəhərə çıxarkən insanlar gəlib məndən avtoqraf istəyirlər. Bu onları çaşdırır. Bu diqqət qarşılığında “şişəcəyimi” zənn edirlər. Amma əslində mən həmişə eyni qızam, bir qram da dəyişməmişəm. İlk serialıma başlamazdan öncə anam mənimlə bir saat danışdı. “Bir aydan sonra insanlar səni tanıyacaqlar, buna hazırsan? Bir serialda oynayırsan deyə, özünü ulduz zənn etmə. Ayaqlarını qıraram!” dedi. Mən hələ də məhəllədə “Ayşəgülün qızı”yam.

- Ailəndən ən çox nə öyrəndin?

- Bizim ailədə əsas şüar budur. Hər kəs öz ayaqları üstündə duracaq. Ailəm şən dullar ailəsi kimidir. Yalnız qadın, qadın, qadın. Məsələn mən pul qazanıram. Elə-belə sağa-sola səpələyəcək deyiləm. Özüm üçün gələcək hazırlamağım lazımdır. Etmək istədiyim şeylər var. Xaricdə təhsil almaq kimi. Ötən il Los-Angelesə getdim və bir müddət təhsil aldım. İnkişaf etmək, mədəni olmaq, təhsilli olmaq da pul deməkdir. Hazırda Bilgi Universitetində Səhnə Sənətləri fakültəsində təhsil alıram. 30 yaşımda belə olsam oranı bitirəcəyəm.

- Dırnaq yeməkdən narahat olursan?

- Bəli. Litseydə qara dırnaq boyası çəkə bilmirdim. Çox üzülürdüm. Çünki ortasına qədər yeyilmiş dırnaqda qara boya eybəcər görünür. Bir gün mənə dedilər ki, “sən bu əllərlə necə aktrisa olacaqsan?” O andan dırnaq yeməyi tərgitdim.

- Bu qədər erkən məşhur olmağın mənfi təsirləri varmı?

- Zənn etmirəm. Bəli, şanslıyam, sevdiyim işi görürəm. Amma yaşıdlarımla müqayisədə daha çox insan itirdim, ölümlə daha çox üz-üzə gəldim.

- Tez aşiq olursan?

- Yox.

- İndi fotoqrafçı sevgilin var eləmi, səndən 17 yaş böyük...

- Bu mövzu şəxsi məsələdir. Şəxsi həyatımdan danışmaq xoşuma gəlmir.

- Vücudunda ən çox haranı sevirsən?

- Alnımdakı çapığı! Uşaq vaxtı səhvən divara başımı çırpmışam və tikişləri səliqəsiz qoyublar. Qüsuru sevirəm. Artıq gözəllik, düzgünlük məni qıcıqlandırır. Alnımdakı o tikiş izi çox xoşuma gəlir.

- Qısaboylu olmaq yaxşıdır, yoxsa?

- Yaxşıdır! Altıma bir şey qoyurlar, oluram 1, 75, çəkirlər, sonra təkrar 1. 58 oluram.

- Sevgilinlə birlikdə yaşamağı düşünürsünüz?

- Bilmirəm. Gələcəyi heç düşünmürəm.

- Aktyorları daim sevişmə səhnələri rahatsız edir, bəs sizi?

- İşimi əlimdən gələn qədər yaxşı etməyə çalışıram. Əgər bölümdə belə bir şey varsa, “xeyir mən öpüşmürəm, sevişmirəm” demək, məncə, tərbiyəsizlikdir. O zaman aktyor olma.

Nigar Məmmədli