İtaliyanın “Yuventus” futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında öz meydanında əlavə vaxtda Portuqaliyanın “Portu”sunu 3:2 hesabı ilə məğlub edib.
“Qafqazinfo” xəbər verir ki, ev sahiblərindən Federiko Kyeza (49-cu, 63-cü dəqiqələr), Adriyen Rabyo (117), qonaqlardan isə Serjiu Oliveyra (19, 115) fərqlənməyi bacarıb. İki dəqiqə ərzində iki sarı vərəqə alan “Portu”nun hücumçusu Mehdi Taremi 54-cü dəqiqədə meydandan kənarlaşdırılıb.
Kyezanın birinci qolu “Yuventus” üçün Avropa kuboklarında 500-cü olub. “Yuventus” İspaniyanın “Real” (726), “Barselona” (704) və Almaniyanın “Bavariyası”ndan (577) sonra bu nəticəni əldə edən dördüncü komanda olub.
Birinci matç “Portu”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, iki matçdan sonra 1/4 finala Portuqaliyadan olan klub keçib. “Yuventus” artıq ardıcıl olaraq ikinci mövsümdür ki, Çempionlar Liqasının pley-off mərhələsini keçə bilmir.
“Portu”nun 1/4 finaldakı rəqibi martın 19-da keçiriləcək püşkatmada məlum olacaq.
Almaniyanın “Borrusiya” futbol klubu isə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında öz meydanında İspaniyanın “Sevilya”sı ilə heç-heçə edib – 2:2.
İlk matç da “Borrusiya”nın 3:2 hesablı qələbəsi ilə başa çatdığından Dortmundan olan komanda Çempionlar Liqasının 1/4 finalına keçib.
“Borrusiya”nın da 1/4 finaldakı rəqibi martın 19-da keçiriləcək püşkatmada məlum olacaq.
Son xəbərlər
Son Xəbərlər