- Bəzi siyasi partiyaların Avropa Oyunlarını boykot çağırışlarını necə dəyərləndirirsiniz və həmin qüvvələrin çağırışları Avropa tərəfindən ciddi qəbul ediləcəkmi?
- Əvvəla, qeyd olunmalıdır ki, Birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququnun qazanılması Azərbaycanın böyük uğurudur və ölkəmizin belə böyük miqyaslı turnirin təşkilinə tam hazır olmasının beynəlxalq səviyyədə etirafıdır. Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi edəcəyinin rəsmiləşməsindən keçən təqribən iki il müddətində yarışların keçirilməsi üçün zəruri olan infrastruktur, idman kompleksləri, arenalar tikilib istifadəyə verildi, bu işlə əlaqədar olan bütün sahələrdə böyük işlər görüldü. Yarışların açılış mərasiminə cəmi üç gün qalsa da, Azərbaycanda qeyd etdiyim işlər xeyli əvvəl yekunlaşdırılıb. Birinci Avropa Oyunlarının təşkili və keçirilməsi mənim nəzərimdə ümummilli məsələdir və buna ilk növbədə Azərbaycanın maraqları, nüfuzu baxımından yanaşılmalıdır. Lakin müşahidə etdiyiniz kimi, artıq neçə aydır, istər xaricdə, istərsə də ölkə daxilində fəaliyyət göstərən müəyyən dairələr Azərbaycan əleyhinə geniş qaralama kampaniyasına başlayıblar. Bu kampaniyanın xaricdəki istiqamətvericiləri Azərbaycanı bir sıra məsələlərdə - demokratiya, insan haqları və s. - tənqid etməyə çalışsalar da, onların gerçək məqsədləri tamam başqadır və bütün fəaliyyətləri Azərbaycanın gözdən salınmasına yönəlib. Bu da səbəbsiz deyil. Azərbaycan müharibə vəziyyətindədir, ərazisinin iyirmi faizi işğal altındadır və bir milyon vətəndaşı qaçqın vəziyyətindədir. Eyni zamanda, Azərbaycan olduqca həssas, mürəkkəb proseslərin getdiyi bir regionda yerləşir. Bütün bunlara baxmayaraq, ölkə inkişafdadır, özünü müdafiə və təmin etmək iqtidarındadır. Ən əsası isə beynəlxalq güclərin təzyiqini dəf edərək, özünün müstəqil siyasətindən imtina etmir. Bu isə həmin dairələri qıcıqlandırır və Azərbaycana qarşı belə planlara sövq edir. Yəni onları haradasa başa düşmək olar. Lakin daxildə öz ölkəmizə qarşı belə bir mövqe tutulmasının səbəbi qətiyyən anlaşılmır. Onlar boykot çağırışları ilə nəyə nail olmaq istəyirlər? Öz ölkələrinin nüfuzuna zərbə vurmağa? Buna nail ola bilməyəcəklər. Bu qüvvələrin boykot çağırışının heç bir təsiri ola bilməz. Avropanın bütün ölkələri Avropa Oyunlarında iştiraklarını təsdiqləyiblər və onların əksəriyyətinin nümayəndə heyətləri artıq Bakıdadır.
- Bu arada bir sıra beynəlxalq təşkilatların nümayəndələri də Azərbaycanda insan haqlarının pozulduğunu iddia edərək Avropa Oyunlarında iştiraka lüzum görmədiklərini bildiriblər. Doğrudanmı, ölkədə vəziyyət onların iddia etdiyi kimidir?
- Həmin beynəlxalq təşkilatlar aparıcı Qərb ölkələrinin digər dövlətlərə qarşı həyata keçirdikləri təzyiq planlarının əsas icraçıları funksiyasını yerinə yetirirlər. Onlar öz mövqelərini necə və nə ilə əsaslandırmağa çalışsalar da, əslində onlar üçün heç bir dəyər yoxdur. Başlıca istinadları xidmət göstərdikləri ölkələrin maraqlarıdır. Necə olur, maraqları tələb edəndə, ən qatı diktatorlarla da qardaşlaşa bilirlər? Amma Azərbaycanın haqlı mövqeyini nəzərə almırlar. Onlar ölkədəki vəziyyəti nə qədər qara fonda göstərməyə çalışsalar da, təbii ki, vəziyyət onların təsvir etdikləri və ya öz maraqlarına uyğun arzuladıqları kimi deyil. Yenə deyirəm, bu hücumların tək məqsədi Azərbaycanın öz müstəqil siyasətindən imtina etdirməkdir. Buna da təbii ki, nail olmayacaqlar.
- Sizcə həm xaricdəki bəzi antiAzərbaycan dairələr və daxildəki radikal siyasi qüvvələrin fikirlərinin üst-üstə düşməsi təsadüfdür, yoxsa hər iki qüvvə eyni mərkəzdən idarə olunur?
- Müşahidələrə və mətbuatda yayılan məlumatlara əsaslanıb təəssüflə deyə bilərik ki, Azərbaycan əleyhinə aparılan bu kampaniya vahid mərkəzdən idarə olunur. Burada təsadüf amili tam istisnadır. Azərbaycan hazırda uzun müddət təşkilatlanmış beynəlxalq şəbəkənin hədəfindədir.
-Bütün bu təxribatların qarşılığında Avropa Oyunları bizim üçün istənilən effekti verəcəkmi?
- Avropa Oyunları Azərbaycan üçün artıq effekt verir. Bu yarışların ölkəmizdə keçirilməsi, hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsi, Birinci Avropa Oyunlarının dünyada tanıdılmasına yönəlik kampaniyaların təşkili buna misaldır. Oyunlarin açılış mərasimində gözlənilən möhtəşəmlik, yarışların emosional mübarizə ovqatında keçəcəyi və sair məqamlar bu idman tədbiri ilə bağlı effektin gözlənildiyindən də artıq olacağına inam yaradır.