“Böyük marketlər pomidoru birbaşa fermerdən alsa...” - Müsahibə+Video

boyuk-marketler-pomidoru-birbasa-fermerden-alsa
Oxunma sayı: 2315

Azərbaycanda bitkiçiliyin müxtəlif istiqamətlərində inkişaf etdiyi əsas rayonlardan biri də Tovuzdur. İldən-ilə rayonda məhsuldarlıq daha da yüksək olur, bu isə əkinçiliklə məşğul olan fermerlərin güzəranının yaxşılaşmasına, əhalinin rifah səviyyəsinin yüksəlməsinə böyük təkan verir. 

“Qafqazinfo” əməkdaşlarının bölgələrə səfəri zamanı qonaq olduğu növbəti rayon məhz Tovuz oldu. Əkinçilik üçün yaradılmış əlverişli mühit sayəsində Tovuzda pomidor, taxıl, üzüm, kartof, yerkökü, şəkər çuğunduru və digər kənd təsərrüfatı məhsulları yetişdirilir. Nicat Əsgərov da onlarla tovuzlu kimi öz ailəsinin güzəranını məhsul əkib-becərməklə təmin edir. O, ailəsinə məxsus olan pay torpağında pomidor əkini ilə məşğuldur. Bu il məhsulun bol olduğundan razılıq edən fermer kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət dəstəyindən məmnundur: “Dövlətimiz tərəfindən fermerlərə güzəştlər edilir, hər cür şərait yaradılır. Bu da bizi həvəsləndirir ki, hər il əkin sahəmizi daha da genişləndirək, daha çox məhsul əkək, ailəmizin dolanışığını yaxşılaşdıraq”. 

Ancaq məhsuldarlığın bol olması nədənsə bazarlardakı məhsulların qiymətlərində hiss olunmur. Nicat Əsgərovun sözlərinə görə, bunun bir neçə səbəbi var. Məhz pomidorun qiyməti ilə bağlı danışsaq, buna səbəb bu il havaların əlverişsiz keçməsi olub. “Bu il pomidorun baha olmasına səbəb havanın quraq keçməsi oldu. Qışda qarın yağmaması, suvarmada yaranan çətinliklər bizim işimizə əngəl törətdi” – deyə, fermer izah edir.

Qiymət artımına digər bir səbəb olaraq isə müsahibimiz məhsul istehsalçılarının bazarlara birbaşa çıxış imkanının olmamasını göstərir. Belə ki, bazara çıxış imkanı olmayan digər istehsalçılar kimi N. Əsgərov da becərdiyi məhsulu paytaxtın iri marketlərinə və bazarlarına çıxarmaq üçün vasitəçilərlə əməkdaşlıq edir. Qiymət artımı da məhz bu zaman yaranır: “Yaxşı olardı ki, böyük marketlər, bazarlar gəlib məhsulu bizim özümüzdən alsınlar. Çünki, onlar məhsulu alverçilərdən baha qiymətə alırlar və baha qiymətə də camaata satırlar. Bu da narazılığa səbəb olur”.

Tovuzlu fermerlə müsahibənin videosunu təqdim edirik: