“Böyük Qayıdış Proqramının Xocalı səhifəsinin yazılması qürurvericidir”

boyuk-qayidis-proqraminin-xocali-sehifesinin-yazilmasi-qururvericidir
Oxunma sayı: 1790

“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir və soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar. Son üç ildən artıq dövrdə bu istiqamətdə görülən işlərə, soydaşlarımızın qayıdış ünvanlarına diqqət yetirsək Azərbaycan xalqının nə qədər qurucu xalq olduğunu görərik. Hər bir sahədə ilklərə imza atan Azərbaycan azad edilmiş torpaqlarda gördüyü işləri, təkmil dirçəliş modeli ilə də dünyanın diqqətindədir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

“Müharibədən dərhal sonra bərpa işlərinə başlamaq mümkün olmasa da Azərbaycan bu sahədə də ilkə imza atdı. Ötən bu dövrdə görülən işlərin miqyası o qədər böyükdür ki, onları sadalamaqla bitməz. Öncə bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, şanlı Qələbəmizdən sonra tariximizin Zəfər səhifələri davamlılığı ilə diqqətdədir. Ötən ilin aprelində ərazi bütövlüyümüz, sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabr ayının 15-də, Prezidentlik dövrünün 20 illiyində Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Bayrağını ucaltdı. Bu qürurverici hadisəni də xüsusi qeyd etmək istərdik ki, tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyev doğum günlərini, bayramlarımızı, tarixi günləri işğaldan azad edilmiş ərazilərdə qeyd edir, burada ictimaiyyət nümayəndələri və ilk köç edən sakinlərlə görüşür, Zəfərimizin sevincini paylaşır.

28 May-Müstəqillik Günündə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva işğaldan azad edilmiş Ağdam və Xocalı rayonlarına səfər etdilər. Soydaşlarımızın qayıtdıqları ünvanlar sırasına Xocalı şəhəri də daxil oldu.  Dövlət başçısı İlham Əliyevin Xocalı şəhərinə köçən sakinlərlə görüşündə vurğuladığı kimi, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil”.

Millət vəkili qeyd edib ki, torpaqlarımızın 30 ildən sonra tarixi sahibinə qovuşması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması tariximizin Zəfər səhifələri kimi daim vərəqlənəcək, xalqımız hər zaman ölkə Prezidentinə, rəşadətli Ordumuza minnətdarlığını ifadə edəcək.

Onun sözlərinə görə, hər bir hədəfin zamanında reallığa çevrilməsi Prezident İlham Əliyevin qətiyyətinin məntiqi nəticəsidir.

“Soydaşlarımızın qayıdış ünvanlarının sayının artması hər birimizi sevindirir, qürurlandırır. Doğma yurd-yuvasına qayıdan soydaşlarımız bu fikri dönə-dönə qeyd etdilər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti sayəsində yenilməz, məğrur xalq olduğumuzu dünyaya nümayiş etdirdik. Bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Qeyd edək ki, Birinci Qayıdış Proqramının başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışı əsas hədəflər sırasındadır. Bu il Xankəndi ilə yanaşı, Cəbrayıl, Kəlbəcər şəhərlərinə də qayıdış nəzərdə tutulub. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli, sözünə sahib, qalib ölkənin vətəndaşı olduğu üçün qürur duyur”, - deyə millət vəkili vurğulayıb.