Martın 22-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Oğuz rayonunun Böyük Söyüdlü kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilmiş mərasimdə iştirak edib.
“Qafqazinfo” SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, mərasimdə Oğuz rayon İcra Hakimiyyəti başçısı, SOCAR rəhbərliyi təmsilçiləri, “Azəriqaz” İstehsalat Birliyi və rayon ictimaiyyəti nümayəndələri də iştirak edib.
R.Abdullayevə və qonaqlara məlumat verilib ki, 271 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 11 630 metr təşkil edən müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandıran R.Abdullayev kənd sakinlərini Novruz bayramı münasibətilə təbrik edib.
Son illər prezident İlham Əliyevin tapşırığına əsasən ölkənin hər yerində qaz təchizatı sisteminin genişləndirilməsi və yenidən qurulması istiqamətində görülən işlərin böyük vüsət aldığını söyləyən R.Abdullayev kənd və qəsəbələrin qazlaşdırılması proqramının uğurla həyata keçirildiyini bildirib, bu əziz bayram günündə Oğuzun Böyük Söyüdlü kəndinə ilk dəfə qaz verilməsinin sakinlərin sevincinə sevinc qatdığını qeyd edib.
Son xəbərlər
Son Xəbərlər