BP Azərbaycanda hegemon mövqe qazandı

bp-azerbaycanda-hegemon-movqe-qazandi
Oxunma sayı: 652

BP şirkəti Azərbaycanda fəaliyyətinin davam etdirilməsində həddən artıq maraqlıdır. Belə bir nəticəyə neft və qaz məsələləri üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban şirkətin son illərdəki fəaliyyətini təhlil edərkən gəlib.

"BP zamanında Azərbaycanın neft və qaz layihələrinə müvəffəqiyyətlə daxil ola bilmişdi. Bunun nəticəsində BP Azərbaycanda nəinki neft və qaz hasilatında əsas fiqura çevrildi, o cümlədən karbohidrogenlərin nəqli məsələsində də hegemon mövqe qazandı", deyə İ.Şaban 1news.az-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, BP bu gün iki neft kəmərinin (Bakı-Supsa və Bakı-Tiflis-Ceyhan) və Azərbaycanın əsas ixrac qaz kəmərinin (Bakı-Tiflis-Ərzurum) operatorudur. "Bundan əlavə BP çox aktiv şəkildə Xəzərin dərin hissəsində kəşfiyyat işləri ilə ("ŞəfəqAsiman" bloku) məşğul olur. Bununla kifayətlənməyərək, BP Azərbaycan tərəfinə müraciət edərək Xəzərin dayaz sularına da maraq göstərdiyini bildirib. Göründüyü kimi, BP hazırda Azərbaycanın neft və qaz sektorunda çoxşahəli əməliyyatlar aparır. Bir şeyi də nəzərinizə çatdırım ki, Azərbaycanın ümumi ixracatında təqribən 82% xüsusi çəkiyə malik olan neft ixracatı məhz BP-nin operatorluğu ilə həyata keçirilən layihələrin payına düşür ", - deyə İ.Şaban BP-nin rolunu izah edib.

BP-nin ABŞ-dakı uğursuzluqlarını şərh edən ekspert bildirib ki, o, şirkətin Amerika bazarından "sıxışdırılıb çıxarılacağına inanmır". Onun sözlərinə görə, BP şirkəti ABŞ üçün önəmlidir, nəzərə alsaq ki, 1999-cu ildən sonra Amoco şirkəti ilə birləşdikdən sonra onun aktivlərinin böyük bir hissəsi məhz ABŞ ərazisində yerləşir. "Meksika körfəzindəki məlum hadisələrdən sonra isə həqiqətən müəyyən zamanın keçməsinə ehtiyac var ki, cəmiyyətin "gündəlik yaddaşında" BP öz əvvəlki imicini bərpa edə bilsin", - deyə ekspert bildirib.

Qeyd edək ki, oktyabrın 11-də hökumətin iclasında Azərbaycan Prezidenti BP şirkətini "Azəri-Çıraq-Günəşli" yataqlarında hasilatın azalması ilə əlaqədar kəskin tənqid etmişdi. Belə ki, məlum olmuşdu ki, BP bir neçə ildir ki, hökumətə AÇG-də hasilatla bağlı verdiyi proqnoz göstəricilərinə əməl etmir.

caspianbarrel.org