Pənah Hüseyn Qüdrət Həsənquliyevi təhqir etdi - Şok ittihamlar

penah-huseyn-qudret-hesenquliyevi-tehqir-etdi-sok-ittihamlar
Oxunma sayı: 1018

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 22-ci il dönümü ilə bağlı partiyanın mətbuat xidmətinə verdiyi müsahibədə bir sıra müxalifət liderlərinin ünvanına sərt ittihamlar səsləndirib. O cümlədən bildirib ki, “mənim yadımdadır ki, Pənah Hüseyn Xalq Cəbhəsinin pullarını götürüb qaçmışdı. Xatırladım ki, Pənah Hüseyni həm də pulları oğurladığına görə Cəbhəyə buraxmadılar. Bilirsiniz ki, bununla bağlı Ali Məclisin xüsusi qərarı olub”. Q.Həsənquliyev həmçinin AXCP sədri Əli Kərimlini xəyanətdə ittiham edib: “Əbülfəz bəy Bakını tərk edəndə Əli Kərimov dövlət katibi idi, ancaq Elçibəy paytaxtı tərk edəcəyi barədə ona nəsə deməyə ehtiyac görməmişdi. Çünki Elçibəy bilirdi ki, ona xəyanət edənlər sırasında Əli Kərimov da var”.

Pənah Hüseyn bildirdi ki, Q. Həsənquliyevin dediklərinin əksəriyyəti nimdaşlaşmış iftiraların növbəti təkrarıdır, maraqsızdır və cavab verməyə belə dəyməz, olsa-olsa donqili siyasətçiliyin, müxalifətçiliyin və adamlığın nümayişidir. Mən Q.Həsənquliyevi ilk dəfə olaraq Əli Kərimli dövlət katibi olarkən onun kabinetinin qapısının qabağında oturan, qapı açıb bağlayan və s. xidmətlər yerinə yetirən görmüşəm. Çox uzun boyuna baxmayaraq cəld tərpənirdi. Soruşmuşam ki, bu kimdir, Əli Kərimli dedi ki, tələbə dostumdur, köməkçi təyin etmişəm. Sonradan bu adam düz 10 il indi xəyanətkar adlandırdığı Əli Kərimlini hətta Elçibəydən cani dildən müdafiə edib. AXCP-nin iclaslarının birində indi də danışılır ki, Bəyin Əli Kərimliyə sadə bir iradından sonra Q.Həsənquliyev qalxıb əlini Bəyə uzadaraq “Allahın olsun” deyə bağırıb. Bəy də, “Qüdrət, hər hoqqadan çıxdın, indi də mənimlə Allahımın arasına girirsən” deyib. Onun iftiralarında mənim üçün yeni olan guya AXC-dən oğurluq etməyimlə bağlı ittihamdır. Məni bu iqtidar Ləl-Cəvahirat Fonduna məxsus olan qızılları təyyarə ilə xaricə aparmaqda, antik sikkələr, tonlarla istiqraz mənimsəməkdə ittiham edib. Amma ilk dəfədir ki, AXC-nin pullarını oğurlamaqda ittiham edirlər. Hesab edirəm ki, hər cür oğurluq şərəfsizlik və alçaqlıqdır! Ancaq böhtan atıb şər yaxmaq ikiqat şərəfsizlik və alçaqlıqdır! Mən öz şərəfimi müdafiə etmək üçün məhkəməyə müraciət edəcəm. AXC ilə bağlı hər hansı oğurluq faktı aşkar olarsa hər şeyi qəbul etməyə hazıram. Yox, əgər, Q.Həsənquliyev məhkəməyə gəlib dediyini sübut etməsə, ən böyük şərəfsiz və alçaqdır”.

Yeni Müsavat